
02.02.2026
Şəmkir Tarix Diyarşünaslıq Muzeyində 02.02.2026-cı il tarixində Gənclər Günü münasibətilə tədbir keçirildi.
2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Şəmkir Tarix Diyarşünaslıq Muzeyində maarifləndirici tədbir təşkil olunmuşdur. Tədbirdə C.Rüstəmov adına tam orta məktəbin və M.Füzuli adına məktəb-liseyin şagirdləri iştirak etmişlər.
Tədbirin məqsədi gənclərdə milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi, tariximizə marağın artırılması və onların muzey mühitinə daha yaxından cəlb olunması olmuşdur.
Muzeyin direktoru Günel Rzayeva tərəfindən iştirakçılara Azərbaycan gənclərinin cəmiyyətin inkişafındakı rolu, dövlətimizin gənclər siyasəti və tarixi irsimizin qorunmasının əhəmiyyəti haqqında məlumat verilmişdir.
Tədbir çərçivəsində gənclərə həsr olunmuş video çarx nümayiş olunmuş, bu video vasitəsilə Azərbaycan gənclərinin uğurları, fəallığı və ölkənin gələcəyindəki rolu xüsusi vurğulanmışdır.
Şagirdlər muzeyin ekspozisiya zallarını ziyarət etmiş, qədim eksponatlarla yaxından tanış olmuşlar. Sonda gənclər arasında maraqlı fikir mübadiləsi aparılmış, onların sualları cavablandırılmışdır.
Şəmkir Tarix Diyarşünaslıq Muzeyi gənclərin tarixi irsə marağının artırılması istiqamətində bu kimi tədbirlərin davamlı olaraq təşkil olunacağını bildirir.