
30.01.2026
30 yanvar 2026-cı il tarixində Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində görkəmli yazıçı, dramaturq və ictimai xadim, 1935-ci il dekabrın 25-də anadan olmuş Yusif Səmədoğlunun anadan olmasının 90 illiyi münasibətilə “Sözün yaddaşda qalan ömrü” adlı ədəbi-bədii tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Məhruzə Hüseynova çıxış edərək Yusif Səmədoğlunun Azərbaycan ədəbiyyatındakı xüsusi yerindən, onun nəsr və dramaturgiyasında insan taleyi, zaman və yaddaş mövzularının dərin bədii ifadəsindən danışıb. Direktor qeyd edib ki, Yusif Səmədoğlunun yaradıcılığı milli düşüncənin, mənəvi dəyərlərin qorunmasında mühüm rol oynayır və bu irsin gənc nəsillərə çatdırılması muzeylərin əsas missiyalarındandır.
Tədbirdə çıxış edən muzeyin fond mühafizi Ülviyyə Məşədiyeva isə Yusif Səmədoğlunun həyat və yaradıcılıq yoluna nəzər salaraq, onun ictimai fəaliyyətindən, ədəbi mühitə təsirindən və klassiklə müasir ədəbiyyat arasında qurduğu körpüdən bəhs edib. Çıxışda yazıçının əsərlərinin bu gün də aktuallığını qoruduğu xüsusi qeyd olunub.
Daha sonra muzeyin əməkdaşı, bərpaçı rəssam və şair Arzu Həsənova çıxış edərək Yusif Səmədoğlunun yaradıcılıq dünyasından bəhs edib. O, yazıçının “Qətl günü”, “Dumanlı Təbriz”, “Qarabağnamə” kimi əsərlərində insan taleyi, vicdan, zaman və yaddaş mövzularının dərin psixoloji qatlarla işlənməsini xüsusi vurğulayıb.
Arzu Həsənova qeyd edib ki, bu əsərlərdə söz sadəcə ifadə vasitəsi deyil, insanın daxili ağrısını, cəmiyyətin mənəvi vəziyyətini əks etdirən canlı bir yaddaşdır.
Çıxışda Yusif Səmədoğlunun ədəbiyyatımızda düşünən, sorğulayan oxucu formalaşdıran böyük sənətkarlardan biri olduğu diqqətə çatdırılıb.