Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Qazaxda görkəmli oftalmoloq-alim, Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş “Zəngin mənəviyyat sahibi” başlıqlı tədbir keçirilib

26.04.2024

Aprelin 26-da Qazax Rayon İcra Hakimiyyətinin, Qazax Rayon Heydər Əliyev Mərkəzinin və “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş “Zəngin mənəviyyat sahibi” başlıqlı tədbir keçirilib. 

Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, “Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktoru Sevda Məmmədova, Mərkəzi Xəstəxananın həkim-oftalmoloqları və əməkdaşları, mədəniyyət müəssisələrinin direktor və əməkdaşları, rayon ziyalıları iştirak ediblər. 

İlk olaraq Ümummilli Lider Heydər Əliyevin, Akademik Zərifə xanım Əliyevanın və dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra “Akademik Zərifə Əliyeva” filmi nümayiş etdirilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. İcra başçısı ölkə Prezidentinin əzmkarlığı, yürütdüyü müdrik siyasət, şanlı Ordumuzun gücü, qüdrəti sayəsində 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində qalib gəldiyimizi, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunmasını xalqımızın bu gün də qürurla xatırladığını söyləyib.    

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək bildirib ki, apardığı elmi tədqiqatların sosial əhəmiyyəti, ictimai fəallığı, pedaqoji istedadı, çoxillik elmi-tədqiqat işlərində böyük xidmətləri, yorulmaz elmi fəaliyyətinin nəticəsi olaraq Zərifə xanım Əliyeva “Əməkdar elm xadimi” adına, “Qırmızı Əmək Bayrağı” ordeninə və oftalmologiya sahəsində ən yüksək akademik Averbax adına mükafata layiq görülüb. Zərifə xanım Əliyeva bu mükafata layiq görülmüş ilk qadındır. O, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu bütün respublikada tətbiq olunub. Azərbaycanda traxoma xəstəliyinin ləğvi Zərifə xanım Əliyevanın yorulmaz əməyinin nəticəsində mümkün olub.

Sonra “Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Poliklinika Şöbəsinin müdiri Rəqiyyə İsmayılova,

“Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də həkim-oftalmoloq Rahilə Əhmədova, həkim nefroloq Cahanə Xasməmmədova və həkim oftalmoloq Məlahət Mustafayeva ,

“Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktoru Sevda Məmmədova çıxış edərək görkəmli oftalmoloqun Azərbaycan tibb elmindəki misilsiz xidmətlərindən danışıblar.