18.01.2018
Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən Qazax Dövlət Rəsm Qalereyasında 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə mədəniyyət işçiləri, uşaq kitabxanasının kollektivi, Mədəniyyət işçiləri Həmkarlar İttifaqının sədri İsgəndər Qurbanov, Gənclər və İdman İdarəsinin məsul işçiləri Sahib Namazov və İsmayıl Süleymanov iştirak etdilər. İştirakçılar şəhidləri bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə Qalereyanın direktoru Münəvvər Xəlilova açdı. O, 20 yanvar faciəsinin dəhşətindən, faciənin səbəbkarlarının törətdiyi vəhşiliklərdən danışdı. Sonra İ.Qurbanov çıxış edərək Şəhidlər Xiyabanının and yerimiz olduğunu qeyd etdi. Şəhidlər Xiyabanı and yerimiz, ağrılı yerimizdir. S.Namazov çıxış edərək uşaqların rəsmlərinə münasibətini bildirdi. Faciəni yaşamasalar da yaşananlara çox düzgün münasibət göstərdiklərini bildirdi və müəllimlərinə təşəkkür etdi. Sonda sərgiyə baxış keçirildi.