Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov 28 may Respublika günü münasibətilə regional idarəni əhatə edən rayonların mədəniyyət müəssisələrinin əməkdaşlarını təbrik edib

28.05.2020

Əziz dostlar! Hörmətli həmkarlar!

Bildiyimiz kimi, 1918-ci ilin may ayının 28-də Şərqdə ilk demokratik respublika – Azərbaycan Demokratik Respublikası yaradıldı. Azərbaycan ziyalılarının böyük imperiyalara qarşı -  maraqlarının əksinə olaraq, ilk demokratik respublikanı yaratması heç şübhəsiz ki, Azərbaycan xalqının tarixi köklərindən gələn, daim müstəqillik, azadlıq uğrunda mübarizə əzmindən doğan  bir addım idi. Azərbaycan xalqı bu addımı atdı və şərqdə ilk demokratik respublikanı yaratdı. Bilirik ki, o vaxt Sovetlər İttifaqı yeni qurulmuşdu, bolşevik Rusiyası çar imperiyasının ərazisini bərpa etmək istəyirdi. Ona görə də ermənilərdən istifadə edib Azərbaycana qarşı terror, təxribat, hücum aksiyalarını həyata keçirirdi. Belə bir dövrdə azərbaycanlıların iradə toplayaraq bir respublika yaratması heç şübhəsiz ki, asan başa gəlmədi. 1918-ci ildə yaradılan Azərbaycan Demokratik  Respublikasının varisi olan Azərbaycan 1991-ci ildə ikinci dəfə öz müstəqilliyini elan etdi. Eyni ssenari, eyni təcavüz aktları, eyni təxribatçı siyasət bu illərdə də davam etdirildi. Belə ki, yenə də mənfur ermənilərdən istifadə olunaraq Azərbaycanın 20 faiz torpaqları işğal edildi, 1 milyondan artıq soydaşlarımız öz dədə-baba yurdundan zorla çıxarılaraq qaçqına, köçkünə çevrildilər.  Amma yenə də Azərbaycan xalqı öz iradəsini topladı və  müstəqilliyini elan etdi, Cənubi Qafqazın ən güçlü iqtisadiyyatına, hərbi qüdrətinə malik bir dövlətə çevrildi. Təbii ki, 1993-cü ildə Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyev 2 ci dəfə  hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Dövlətinin müstəqilliyini qoruyub saxladı və   qüdrətli bir ölkəyə çevirdi. Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində Azərbaycan iqtisadiyyatı quruldu, Azərbaycan təhsilinə, səhiyyəsinə, mədəniyyətinə diqqət və qayğı göstərildi, inkişaf etdirildi. Eyni zamanda Azərbaycanın xarici siyasəti formalaşdı, ordu quruculuğu həyata keçirildi. Azərbaycan müstəqil dövlət kimi ilk dəfə 1995-ci ildə öz Konstitusiyasını qəbul etdi. Bu gün Müstəqil Azərbaycan öz fəaliyyətini bir dövlət olaraq Azərbaycan Demokratik Respublikasının varisi kimi davam etdirir. Biz bilirik ki, bu siyasət, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ümummilli Liderimiz deyirdisə ki, “Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir!”, cənab Prezidentimizin də bu fikri heç vaxt yaddaşlardan silinməmişdir: “Azərbaycan indiki qədər tarixdə heç zaman güçlü olmamışdır”. Yəni belə bir dövləti qurub yaradan Ümummilli Liderimiz, cənab Prezidentimiz və prezidentimizlə çiyin-çiyinə Azərbaycan Dövlətinin qorunub-saxlanıb inkişaf etdirilməsində misilsiz xidmətləri olan Birinci Vitse-Prezidentimiz Mehriban xanım Əliyevanın bu xalq, dövlət qarşısında bütün xidmətləri tükənməzdir və buna görə hər birimiz ona öz təşəkkürümüzü bildiririk.

Əminliklə söyləyə bilərik, tezliklə o gün gələcək ki, biz işğaldan azad edəcəyimiz torpaqlarda, xüsusən Şuşada, Laçında,  Göyçədə, Zəngəzurda, İrəvanda Azərbaycanın üçrəngli bayrağını dalğalandırmaqla Respublika günümüzü qeyd edəcəyik.

Hörmətlə    Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov