05.06.2020
05 iyun 2020- ci il tarixdə 18 may-18 iyun tarixlərində elan edilmiş “İnsan hüquqları aylığı” çərçivəsində Ağstafa Regional Mədəniyyət idarəsinin tabeçiliyində fəaliyyət göstərən Qazax, Ağstafa və Tovuz rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və insan hüquqları” mövzusunda maarifləndirici onlayn tədbir keçirildi. Tədbirdə Qazax, Ağstafa və Tovuz rayon Heydər Əliyev Mərkəzlərinin direktorları, əməkdaşlar və könüllülər iştirak etdilər.
Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova onlayn tədbiri açaraq bildirmişdir ki, insan hüquqları dövlətlə qarşılıqlı münasibətdə hər bir insana məxsus olan əxlaqi və hüquqi haqqlardır. İnsan hüquqları uğrunda siyasi və ideoloji mübarizə tarixində XX əsr həlledici rol oynamışdır və bütün maneələri aşaraq dünyanın bütün ölkələrinə yayılmışdır. İnsan hüquqları ideyası 1948- ci ildə BMT Ümumdünya insan hüquqları Bəyannaməsində öz əksini tapmışdır. Azərbaycanda isə insan hüquqları sahəsində işlər məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkəmizdə insan hüquqları sahəsində islahatlar aparmağa başlamışdır. Belə ki, 1994- cü ilin ortalarında konstitusiya layihəsinin hazırlanmasının təşəbbüskarı Heydər Əliyev oldu. Onun sədrliyi ilə 12 noyabr 1995- ci ildə ümumxalq səsverməsi keçirildi və ölkənin əsas qanunu qəbul edildi. Konstitusiyada tətbiq edilmiş insan və vətəndaş hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı layihəsinin insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılmasına dair 22 fevral 1998- ci ildə fərman imzalanmışdır və 1998- ci il 18 iyunda “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilmişdir.
Bu gün isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə insan hüquqlarının davamlı inkişafı və təmin olunması istiqamətində müvafiq qanunvericilik aktları qəbul edilir, zəruri tədbirlər həyata keçirilir. Azərbaycanda belə bir günün dövlət səviyyəsində qeyd edilməsi ölkəmizdə hüquqi dövlət quruculuğunun qurulması, demokratik prinsiplərə və insan hüquqlarına böyük önəm verildiyinin nümunəsidir.
Daha sonra Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, Qazax rayon Heydər Əliyev Mərkəzinin könüllüsü Fəridə Rəhimli çıxış edərək insan hüquqları sahəsində görülmüş işlərdən, insan və vətəndaş hüquqlarının təmin edilməsi sahəsində qəbul edilmiş əhəmiyyətli sənədlərdən, həyata keçirilən uğurlu islahatlardan danışmışdırlar.