21.07.2020
21 iyul 2020- ci il tarixdə Milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30 iyun 2020- ci il tarixli sərəncamına əsasən Qazax rayon Heydər Əliyev Mərkəzi, Zərdab rayon Heydər Əliyev Mərkəzi və Ucar rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev- Milli mətbuatın hamisi” mövzusunda videokonfrans keçirilmişdir.Tədbiri Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova açmış və bildirmişdir ki, bu gün milli mətbuatın yaranmasından 145 il ötür. Azərbaycan Milli mətbuatının təşəkkül tapmasında əvəzsiz rol oynamış “Əkinçi”qəzetinin 1875- ci iyulun 22- dən işıq üzü görməsi ilə milli mətbuatımızın əsası qoyulmuşdur.1877- ci ilin sentyabrına qədər çap edilmiş və cəmi 56 sayı işıq üzü görmüş qəzetin nəşri Çar Rusiyası tərəfindən dayandırılmışdır. Bakıda ana dilində çap edilmiş “Əkinçi” qəzeti Qafqazda böyük əks səda doğurmuşdu. “Əkinçi”dən sonra “Ziya” , “Kəşkül” ,”Kaspi” qəzetləri nəşr edilmiş, “Şərqi Rus” ,”Həyat”, “Açıq söz” ,”Azərbaycan” kimi demokratik ruhlu milli qayəli qəzetlər meydana çıxmışdır. Sonra “Molla Nəsrəddin” nəşrə başlamış, redaktoru qadın olan Xədicə xanım Əlibəyova “İşıq” jurnalını çap etdirmişdir.
Sonra Zərdab Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova çıxış edərək, jurnalistika fəaliyyəti ilə məşğul olan bütün mətbuat işçilərini peşə bayramları münasibətilə təbrik etmiş və bildirmişdir ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli mənəvi dəyərlərə qayıdış mətbuatda da özünü göstərdi. Bu gün ölkəmizdə mindən çox kütləvi informasiya vasitəsi qeydiyatdan keçib. Demokratik ölkələrdə olduğu kimi Azərbaycanda da mətbuat şurası yaradılıb.Mətbuat haqqında qanun qəbul edilib. Azərbaycanda insan hüquqları, siyasi plüralizm, vətəndaş cəmiyyətinin mövcudluğu, demokratik institut kimi müstəqil kütləvi informasiya vasitələrinin fəaliyyətində öz təsdiqini tapır.
Sonra Ucar Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova çıxış edərək bütün mətbuat nümayəndələrini təbrik etmiş və hər zaman xoş müjdəli xəbərlərin müəllifi olmaqlarını arzu etmişdir. O bildirmişdir ki, Heydər Əliyevin 1998- ci 16 avqust tarixli “Azərbaycan Respublikasında düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” imzaladığı fərman ilə ölkədə kütləvi informasiya vasitələrinin üzərindən senzura ləğv edildi. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına təkan verdi. 2009- cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla “Prezident Yanında Kütləvi İnformasiya vasitələrinə Dövlət Dəstəyi Fondu” yaradıldı ki, bu da mətbuata mətbuat işçilərinə diqqətin qayğının bariz nümunəsidir.