28.07.2020
27 iyul 2020- ci il tarixdə Qazax rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və N. Vəliyev adına 5 saylı tam orta məktəbin İbtidai sinif müəlliməsi Rüxsarə Əhmədova və onun şagirdlərinin iştirakı ilə Zoom proqramı vasitəsilə "1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü"nə həsr edilmiş onlayn tədbir keçirilmişdir.
Tədbiri Mərkəzin direktoru Ceyhunə Hüseynova açaraq şagirdlərə 1 Avqust- Ana dili günü haqqında məlumat vermiş və bildirmişdir ki, 1 Avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001- ci il 9 avqust tarixli fərmanına əsasən təsis edilib. Həmin fərmanla 2001- ci ilin avqustundan bütün ölkədə latın qrafikalı Azərbaycan əlifbasından istifadə edilərək yazı mədəniyyətimizin tarixində mühüm hadisə baş verdi. Milli varlığımızın əsas atributlarından olan Ana dilimiz bizim milli sərvətimizdir. Millətin dilinin dövlət dili səviyyəsinə yüksəlməsi isə tarixi hadisədir. Hər bir xalqın əlifbası, yazı sistemi həmin xalqın milli mədəniyyətinin tərkib hissəsidir. Ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması, Ana dilimizin gözəl bilicisi, mahir natiq, Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Sonra sinif müəllimi Rüxsarə Əhmədova və şagirdləri - Zeynallı Ömər, Alıyeva Zəbanə, Tağızadə Əli, Budaqov Hüseyn, Mustafayev Nihat Ana dilinə həsr edilmiş bədii kompozisiyanı təqdim etmişdirlər.