18.08.2020
18 avqust 2020- ci il tarixdə Qazax rayon Heydər Əliyev Mərkəzi və Qazax Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Yeganə Göyüşovanın birgə təşkilatçılığı və Q.Hacımahmudova adına ümumi orta məktəbin şagirdlərinin iştirakı ilə “Vətən sərhəddən başlanır” başlıqlı vətənpərvərlik mövzusunda onlayn tədbir keçirilmişdir.
Tədbiri Mərkəzin direktoru Ceyhunə Hüseynova açmış və 18 avqust- Azərbaycanda Sərhəd Qoşunları Gününün tarixindən məlumat verərək bildirmişdir ki, bu gün Ulu Öndər Heydər Əliyevin 16 avqust 2000- ci il tarixli sərəncamı ilə təsis edilmişdir.Müstəqilliyimizin yenidən bərpasından sonra əsas məsələlərdən biri milli sərhəd strategiyası və sərhəd qoşun dəstələrini formalaşdırmaq oldu və bu məhz dahi siyasətçi Heydər Əliyevin sayəsində reallaşdı.Üçrəngli bayrağımız Silahlı Qüvvələrdə ilk dəfə 1992- ci il avqustun 22- də Naxçıvan Sərhəd dəstəsində qaldırıldı.Sərhədlərin etibarlı mühafizəsini təşkil etmək məqsədilə 2002- ci il iyulun 31- də Dövlət Sərhəd Xidməti yaradıldı.
Onlayn tədbirdə Qazax YAP Qadınlar Şurasının sədri Yeganə Göyüşova çıxış etmiş və bildirmişdir ki, 1919- cu avqustun 18- də Azərbaycan Xalq Cümhuriyyəti müstəqil Azərbaycanın sərhədlərinin qorunmasına dair qərar qəbul etdi.Bu Azərbaycan Respublikasında Sərhəd Qoşunlarının yaradılması haqqında ilk qanunvericilik aktı idi. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin milli sərhəd siyasətini uğurla davam etdirir. Sərhədçilər və sərhəd qoşunları daim dövlət qayğısı ilə əhatə olunur.
Q.Hacımahmudova adına ümumi orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda “Sən qalib gələcəksən”, “Üçrəngli bayrağım”, “Dur ayağa, məmləkətim, Qalx ayağa, millətim !” və s. başlıqlı şeirlər söyləmişdirlər.
Tədbirin sonunda o da vurğulanmışdır ki, biz əminik ki, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımız azad ediləcək və üçrəngli müzəffər bayrağımız Qarabağda dalğalanacaqdır.