Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

QÜRURUMUZ, MÜZƏFFƏR ALİ BAŞ KOMANDANIMIZ, DOĞUM GÜNÜNÜZ MÜBARƏK !

24.12.2020

Ağstafa Regional Mədəniyyət İdarəsi onlayn formada Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirdi. Tədbiri giriş sözü ilə regional idarənin rəisi Vüqar Qədirov açaraq möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Prezident olduğu müddətdə keçdiyi həyat yolundan, apardığı uğurlu siyasətdən geniş söz açdı. Natiq 2003-cü ildə İlham Əliyevin Prezident seçildiyi dövrdə Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ problemi və qaçqın və məcburi köçkünlər problemini əsas prioritet istiqamətlərdən biri kimi götürdüyünü və o vaxt 5 il müddətində bir dənə olsun, çadır şəhərciyinin qalmayacağını bəyan etməsi və qısa müddətdə çadır şəhərciklərinin ləğv olunması, yerinə müasir, gözəl yaraşıqlı binalar və infrastruktur obyektlərinin tikilməsinin şahidi olduq. Bundan sonra Prezidentimiz regionların sosial-iqtisadi inkişafı ilə bağlı, Azərbaycanın beynəlxalq aləmdə fəaliyyətinin daha da səmərəli təşkili ilə bağlı, beynəlxalq layihələrin icrası ilə bağlı uğurlu layihələr həyata keçirdi və aparılan bu işlər zərgər dəqiqliyi ilə həyata keçirildi. Bunun nəticəsidir ki, biz 2020-ci ildən işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdik.

1988-ci ildən başlayaraq Ermənistanın əsassız torpaq iddialarına başlaması, 90-cı illərin əvvəllərindən silahlı təcavüz aksiyaları, Xocalı soyqırımı və böyük dövlətlərin, havadarların Ermənistana dəstəyi çox təəssüflər olsun ki, 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqının beynəlxalq hüquqa olan ümidlərini sarsıtdı. Biz bu illər ərzində düşünürdük ki, beynəlxalq təşkilatlar Ermənistanı təcavüzkar bir dövlət kimi tanıya bilər, Azərbanın işğal olunmuş torpaqlarını özünə qaytara bilər. Lakin 44 günlük aparılan müharibədə biz onu gördük ki, heç bir beynəlxalq təşkilat, BMT Təhlükəsizlik Şurası, ATƏTin Minsk Qrupu beynəlxalq hüquqa əsaslanaraq Azərbaycan torpaqlarını özünə qaytarmaq fikrində olmayıblar. Yalnız Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 gün müddətində aparılan Vətən müharibəsi onu göstərdi ki, Azərbaycan qısa müddətdə 21-ci əsrin müharibəsini apararaq şəhidlərimizin, igidlərimizin qanı hesabına öz doğma torpaqlarını düşmən tapdağından azad etdi. Prezidentimizin BMT Təhlükəsizlik Şurasının ədalətsiz olaraq qəbul etdirmək istədiyi qərara Qoşulmama Hərəkatı vasitəsilə vurduğu diplomatik zərbə, ordumuzun digər fəaliyyətləri , göstərdikləri qəhrəmanlıq nümunələri onu deməyə əsas verir ki, biz doğrudan da bir yumruq kimi birləşərək Dəmir Yumruq Əməliyyatını Müzəffər Ali Baş Komandanımızın sayəsində həyata keçirildi. Biz Prezidentimizin sayəsində itmiş, sınmış qürurumuzu özümüzə qaytardıq. Bir millət olaraq dünyaya göstərdik ki, biz qorxaq, aciz millət deyilik. Biz bütün dünyaya göstərdik ki, bizim İlham Əliyev kimi Ali Baş Komandanımız, İlham Əliyev kimi bütün dünyanın diplomatlarına dərs keçə biləcək güclü siyasi iradəyə malik bir liderimiz var.

Prezidentimizin xalqı qürurlandıran, düşməni sarsıdan bəyanatları, Ali Baş Komandan kimi həyata keçirdiyi hərbi əməliyyatlara birbaşa rəhbərliyi düşmənə ağır, sarsıdıcı zərbə vurdu. 200 il ərzində Azərbaycan xalqının heç zaman doğrulmayan ümidləri doğruldu. Hər zaman Azərbaycana təcavüz ediblər, torpaqlarını işğal ediblər lakin biz heç zaman işğal olunan torpaqlarımızı azad edə bilməmişik. Amma Prezidentimizin məhz Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinə sadiq olaraq torpaqlarımızı işğaldan azad etməsi və sonda “mən bir xoşbəxt övladam ki, atamın vəsiyyətini yerinə yetirdim” deməsi ilə biz Ümummilli Liderimizin nə qədər düzgün seçim etdiyinin şahidi olduq. Ümummilli Liderimiz Heydər Əliyevin qurub-yaratdığı Azərbaycan dövləti İlham Əliyevin simasında bizə bu günkü qələbəni qazandırdı.

Möhtərəm cənab Prezident !
Sizi Ağstafa Regional Mədəniyyət İdarəsinin kollektivi adından səmimi qəlbdən təbrik edirik! Siz xalqımızın sevinc mənbəyi, qürur mənbəyisiniz! İnanırıq ki, Sizin rəhbərliyiniz altında bütün sahələrlə bərabər mədəniyyət sahəsi də daha böyük intibaha nail olacaqdır və inşallah bizim işğaldan azad olunmuş torpaqlarımızda bütün sahələrlə bərabər mədəniyyətimiz də dirçələcək və “Qarabağ Şikəstəsi” və digər gözəl musiqilərimiz doğma torpaqlarımızda səslənəcəkdir !

Virtual zəmində keçirilən tədbir Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən uşaq musiqi məktəblərinin, mədəniyyət müəssisələrinin hazırladığı maraqlı, vətənpərvər ifalarla zəngin konsert proqramı ilə davam etdirildi.