Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tarixin faciəli səhifəsi”

29.03.2018

      Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 29  mart 2018-ci il tarixdə Qazax rayon Heydər Əliyev Mərkəzində 1918- ci il 31 mart hadisələrinin 100 illiyi ilə əlaqədar  Qazax rayon N.Nərimanov qəsəbə kitabxana filialının kitabxanaçılarının və Qazax rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Tarixin faciəli səhifəsi” adlı dəyirmi masa  təşkil edilmişdir.

       Dəyirmi masada  muzeyin direktoru Ceyhunə Hüseynova 31 mart soyqırımı  mövzusunda ətraflı çıxış edərək  bildirmişdir ki, - “1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
        "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər...”

       Sonra tədbir iştirakçıları Qazax rayon Heydər Əliyev Mərkəzinin kitabxanaçısı Namazova Rufina, N.Nərimanov qəsəbə kitabxana filialının direktoru Süleymanova Sidiqə, kitabxanaçısı Vəliyeva Firuzə çıxış etmiş və 31 mart soyqırımı haqqında öz fikirlərini bildirərək, ermənilərin azərbaycanlılara qarşı bu vəhşiliklərini pisləmiş və bu soyqırımda həlak olanlara allahdan rəhmət diləmişdirlər. Sonda  soyqırıma həsr olunmuş “31 mart soyqırım günü”adlı kitab sərgisinə və  filmə baxış keçirilmişdir.