30.03.2018
Tədbirdə Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi cənab Ramiz Quliyev, rəis müavini Gülgün Kərimov, Yazıçılar Birliyinin Qazax zona filialının üzvləri şair Bilal Qoca, Tamella Poladlı, Asimə Hüseyn, Gülsənəm Cəlilova və bir qrup mədəniyyət işçiləri iştirak edib. İlk əvvəl Mədəniyyət Mərkəzinin qarşısında E.Hüseynov adına Mərkəzi Kitabxananın “Açıq kitabxana” layihəsi çərçivəsində tərtib etdiyi “31 Mart Azərbaycanlıların soyqırımı günü” və “Bağanıs Ayrım harayları” adlı kitab sərgisinə baxış keçirilib. Tədbirin davamı Mədniyyət Mərkəzinin zalında davam etdirilib. Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Nailə Əliyeva açaraq bildirib ki, 31 mart Azərbaycanın tarixində unudulmaz bir gündür. Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmur. Məhz 31 mart qanlı – qadalı günləri ilə unudulmur. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi cənab Ramiz Quliyev ermənilərin zaman- zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımları, etnik təmizləmə və deportasiya siyasəti barədə danışıb. Bildirib ki, 1918-ci ilin mart, aprel aylarında daşnak erməni silahlı dəstələri Bakıda, Şamaxıda, Qubada minlərlə Azərbaycanlını qətlə yetirib. Diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla ilk dəfə dövlət səviyyəsində 1918-ci il soyqırımına siyasi qiymət verilib. Prezident İlham Əliyevin soyqırımın 100 illiyi haqqında sərəncamı isə ermənilər tərəfindən tarixi faktların saxtalaşdırmaların qarşısının alınmasına yönəldilmiş çox önəmli addımdır. Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova “31 mart Azərbaycanlıların soyqırımı” adlı məruzə ilə çıxış edib. Tədbirdə çıxış edən şairlər soyqırıma həsr etdikləri şerlərini söyləyiblər. Mədəniyyət Mərkəzinin metodisti Məfrubə Mehdiyeva, MKS-nin direktoru Solmaz Babanlı da insanlığa sığmayan cinayətdən danışıblar. Regional İdarənin rəis müavini Gülgün Kərimov ermənilərin hələ Sovetlər dövründə də Azərbaycanlılara qarşı qərəzli və məkrli olmalarından danışıb.