Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada xalq şairi Nəriman Həsənzadəyə həsr olunmuş təntənəli tədbir keçirildi

17.06.2017

Ağstafa şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Azərbaycanın Xalq şairi Nəriman Həsənzadənin 85 illik yubilyei münasibəti ilə geniş tədbir keçirildi. Tədbirdə xalq şairi Nəriman Həsənzadə ilə birlikdə ailə üzvləri, yaxın dostları, Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, millət vəkilləri Nizami Cəfərov və Ülviyyə Ağayeva, eləcə də bir sıra tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi. Öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla yad etdilər.        
Tədbiri giriş sözü ilə açan Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab  Məhərrəm Quliyev qeyd etdi ki, Azərbaycanın Xalq şairi, “Şöhrət ordenli”, Prezident təqaüdçüsü, Heydər Əliyev mükafatçısı,  Əməkdar incəsənət xadimi, Beynəlxalq Elmlər Akademiyasının akademiki, dramaturq, nasir, publisist Nəriman Həsənzadən 1931-ci il fevralın 18-də Ağstafamızda anadan olsa da, O, bütöv Azərbaycana mənsub oldu. Nəriman Həsənzadənin bir şair və ictimai xadim kimi tanınmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük diqqət və qayğısı  olmuşdur. Ulu öndərin qayğısı sayəsində 1976-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru təyin olunan Nəriman Həsənzadə 1990-cı ilə kimi bu vəzifədə çalışır. Nəriman Həsənzadə Azərbaycan yazıçılarını keçmiş SSRİ məkanında təmsil edən Ədəbiyyt Fondunun da rəhbəri olmuşdur. Ulu öndər Heydər Əliyevin şairə göstərdiyi diqqət və qayğı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də davam etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə 2005-ci ildə  “Xalq şairi” fəxri adı verilmiş, 2011-ci ildə “Şərəf” ordeni ilə təltif olunmuş, Prezidentin fərdi təqaüdünə layiq görülmüşdür. 10 may 2017-ci il tarixində  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Nəriman Əliməmməd oğlu Həsənzadəyə Heydər Əliyev Mükafatı verilmişdir.

  Daha sonra çıxış edən Akademik Teymur Bünyadov, Millət vəkilləri Nizami Cəfərov və Ülviyyə Ağayeva, Elmlər doktoru İlham Pirməmmədov, professor İbrahim Quliyev və başqaları şairin həyat və yaradıcılığı haqqında geniş bəhs etdilər.
Tədbirin sonunda  öz ürək sözlərini şerlərin dili ilə ifadə edən şair ona, hər zaman göstərilən yüksək diqqət və qayğıya görə ulu öndər Heydər Əliyevə, onun uğurlu davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Azərbaycanın birinci vitse Prezidenti Mehriban xanım Əliyevaya sonsuz minnətdarlığını bildirdi.
Tədbir bütün ağstafalılara xoş ovqat və sevinc bəxş etdi.