Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Heydər Əliyev Mərkəzinin və Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Döyüşlərdə tarix yazan igidlər” mövzusunda tədbir keçirildi

06.10.2021

06  oktyabr  2021-ci il tarixində Tovuz rayon Heydər Əliyev Mərkəzinin və Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Tədbirlər planına əsasən Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar olaraq “Döyüşlərdə tarix yazan igidlər” mövzusunda tədbir keçirildi. Tədbir iştirakçıları öncə Vətənimizin azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman oğullarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbirdə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş  Hüseynov Əfşan Əbülfəz oğlunun atası Əbülfəz Hüseynov , Şəkərov Xəyal İman oğlunun atası İman Şəkərov, Mehdiyev Seymur Hüseyn oğlunun anası Nüşabə Mehdiyeva , Əliyev Fuad Ramin oğlunun anası Rəsmiyyə Əliyeva, Qasımov Mustafa Dadaş oğlunun atası Dadaş Qasımov, Hüseynov Mustafa Ələddin oğlunun atası Ələddin Hüseynov, Azərbaycan Qarabağ Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev və Birliyin mətbuat katibi Novruz Hümmətov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranlar və Şəhid ailələri İctimai Birliyinin Tovuz rayon filialının sədri Əli Əliyev iştirak etdilər.
Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova açaraq bildirdi ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci ildə son qoyulan erməni işğalının tarixi kökləri çox qədimlərə dayanır. Ermənistan 200 ildən artıq müddətdir ki, Azərbaycana qarşı düşmənçilik siyasəti həyata keçirir. Hələ çar Rusiyası zamanında ermənilər Azərbaycana köçürülmüş, məskunlaşdıqları yerlərdə Azərbaycan toponimlərini dəyişmiş, Azərbaycanın ən məhsuldar torpaqlarına yiyələnmişlər, bununla kifayətlənməyərək daha çox torpaq əldə etmək və bu torpaqlarda yaşayan ermənilərin sayını artırmaq üçün yerli əhaliyə qarşı amansız cinayətlər, soyqırım törətməyə başlamışlar. Lakin 44 günlük müharibədə ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara,təhdidlərə baxmayaraq Azərbaycan qələbə qazandı və tarixi ədalət bərpa olundu.
Tədbirdə Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Güldərən İbrahimova çıxış edərək qeyd etdi ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əzmkar oğullarımızın polad iradəsi sayəsində cəmi 44 gün ərzində haqq savaşımız qələbə ilə başa çatdı. Tarixi ədalət zəfər çaldı. Azərbaycan Ordusu vətən uğrunda başladığı ölüm-dirim savaşında ardıcıl zəfərlərə imza atdı. Hər gün cəbhədə qazandıqları qələbə sədaları milyonların sevincinə, xalqımızın şadyanalığına səbəb oldu. Bayrağımızın vətən torpaqlarında, şah zirvələrdə qürurla dalğalanması hər birimizin qəlbini riqqətə gətirdi, illərlə köksümüzdə sıxılıb qalan həsrəti bir andaca yox etdi.
Daha sonra Vətən müharibəsi şəhidlərinin valideyinləri Əbülfəz Hüseynov, İman Şəkərov, Nüşabə Mehdiyeva, Dadaş Qasımov, Ələddin Hüseynov çıxış edərək şanlı Vətən müharibəsində Şəhidlərimizin şərəfli döyüş yollarında bəhs etdilər və dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Digər çıxış edənlər də qeyd etdilər ki, bu gün hər birimiz Zəfər sevincini bizlərə yaşadan şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı arzulayırıq.