Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mədəniyyət Mərkəzində ”Şəhidlər ölmür” adlı dəyirmi masa keçirilib

07.10.2021

07 sentyabr 2021-ci il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzində filiallar ilə birgə 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Qazax şəhər sakini Veyisli Xaliddin Zərgər oğluna həsr olunmuş "Şəhidlər ölmür" adlı dəyirmi masa keçirilib. Tədbirdə mədəniyyət işçiləri və şəhidin ailə üzvləri iştirak ediblər.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax Rayonu üzrə nümayəndəsi Valeh Vəliyev 2020-ci il 27 sentyabrın xalqımız və dövlətçiliyimizin tarixində qızıl hərflərlə yazılmış səhifələrin başlanğıcı olduğunu bildirdi. O, bildirdi ki, Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri canı - qanı bahasına Ermənistan 30 il ərzində qurduğu nəhəng istehkamları və düşmənin silahlı qüvvələrini darmadağın edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi və xalqımız öz tarixi ata-baba yurdlarına qovuşdu. 
Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova da Şəhidlərimizə Allahdan rəhmət dilədi və qeyd etdi ki, onların xatirəsini  xalqımız hər zaman uca tutacaq, gələcək nəsillərə tanıtdıracaq. 
Mədəniyyət Mərkəzinin metodisti  Məfrubə Mehdiyeva çıxış edərək bildirdi ki, torpaq şəhid qanı ilə birləşəndə Vətən olur. Vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır. Qələbəni, Zəfəri bizə yaşadanları biz qəlbimizdə, əməlimizdə, işimizdə həmişə yaşadacağıq. 
Şəhidin həyat yoldaşı İlahə xanım tədbiri təşkil edən mədəniyyət işçilərinə təşəkkür etdi və öz həyat yoldaşı ilə qürur duyduğunu bildirdi. O, qeyd etdi ki, övladlarını şəhidin adına layiq böyüdəcək və tərbiyə edəcək.