Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Heydər Əliyev Mərkəzində müxtəlif mövzularda tədbirlər keçirilib

15.10.2021

15 oktyabr 2021-ci il tarixində Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon Heydər Əliyev Mərkəzinin və Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Tədbirlər planına əsasən Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar olaraq “Vətən müharibəsində qazanılmış tarixi Zəfər” mövzusunda tədbir keçirildi. Tədbir iştirakçıları öncə Vətənimizin azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman oğullarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbirdə qazilərimiz Mehdiyev Emin, Əliyev Zaur,Rüstəmov Nəsib, İbrahimov Elşən, Eminov Emin, Əhmədov Ramin iştirak etdilər.
Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova açaraq bildirdi ki, Ötən ilin sentyabrın 27-də başlanmış və 44 gün davam edən Vətən müharibəsində əldə etdiyimiz Qələbə və bu Qələbəyə aparan yollar hələ də dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Xüsusilə də indi, düz bir il sonra, biz özümüz də həmin günləri anbaan sanki yenidən yaşayırıq. Müharibə günlərində bizi Qələbəyə aparan əsas amillərdən biri də milli birliyimiz oldu. Qələbə çaldıq. Bütün dünyaya sübut etdik ki, Qarabağ – Azərbaycandır! Tədbirdə Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Flora Məsiyeva çıxış edərək qeyd etdi ki, istər siyasət, istərsə də hərbi sahədə xalqın nümayəndələri müxtəlif sözlərlə, yollarla eyni bir işi görürdü. Ancaq ən ağır iş məhz döyüş bölgəsində, səngərdə canlarını qurban etməyə hazır oğulların çiyninə düşürdü. Düşmənə dərs keçən müəllimlərimizi fəxrlə anırıq.44 günlük vətən müharibəsində 760 təhsil işçisi düsmənə qarsı vurusub.20 təhsil isçimiz döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Digər çıxış edənlər də qeyd etdilər ki, bu gün hər birimiz Zəfər Qələbəsinin sevincini bizlərə yaşadan şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı arzulayırıq.

_______________________________________________________________


Həmçinin, 15 oktyabr 2021-ci il tarixdə Tovuz rayon Heydər Əliyev Mərkəzinin 2021-ci ili əhatə edən Tədbirlər Planına əsasən Ümummilli lider Heydər Əliyev İrsinin Təbliği ilə bağlı Tovuz rayon Təhsil Şöbəsi ilə bağlanmış müqaviləyə əsasən orta ümumtəhsil məktəblərində Heydər Əliyev Mərkəzi əməkdaşları tərəfindən açıq dərslərin keçirilməsi təşkil edilmişdir. Bu gün “Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin Qurucusudur” mövzusunda  A.S.Puşkin adına tam orta məktəbdə  şagirdlərlə görüş baş tutdu. Heydər Əliyev Mərkəzinin əməkdaşları Nərgiz Sabirli və Aytac Abbasova çıxış edərək bildirdi ki, XX əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. 1991-ci il oktyabrın 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir. 2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir. Görüş şagirdlərin mövzu ətrafında sual cavabları ilə davam etdirildi.

_______________________________________________________________


Eyni zamanda 15 oktyabr 2021-ci il tarixdə Tovuz rayon Heydər Əliyev Mərkəzində 18 oktyabr Müstəqilliyin Bərpası Günü ilə əlaqədar  tədbir keçirilmişdir. Tədbirdə mərkəzin direktoru Humay Aslanova çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurmuş, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa etmişdir. “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası Qanununun layihəsində 1918-ci ildə İstiqlal Bəyannaməsinin qəbul olunduğu 28 may Azərbaycan Respublikasında müstəqillik günü, 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabr isə müstəqilliyin bərpası günü hesab olunması nəzərdə tutulur. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Uzunmüddətli perspektivdə bu, azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı perspektivi üçün əsasları daha da gücləndirəcəkdir. Daha sonra mərkəzin elmi işçisi Nərgiz Sabirli də çıxış edərək söylədi ki, bu gün Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirir. Azərbaycan hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır. Müstəqillik dövrünün ən böyük nailiyyətlərindən biri Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılmasıdır. Ölkə başçısının siyasi iradəsi nəticəsində daha da güclənən Azərbaycan sosial dövlətə çevrilmişdir. Bunun nəticəsində insanlarımız rifah içində yaşayır və onların rahat yaşaması üçün hər cür şərait və imkanlar mövcuddur.