Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş “Keçdikcə nəsillər o sənin söz çəmənindən, Ellər, obalar dərs alacaqdır hələ səndən...” adlı onlayn ədəbi-bədii gecə keçirib, “Şərq intibahının zirvəsi ” adlı sərgi nümayiş olunub

01.11.2021

30 oktyabr 2021-ci il tarixdə   Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş “Keçdikcə nəsillər o sənin söz çəmənindən, Ellər, obalar dərs alacaqdır hələ səndən...” adlı onlayn ədəbi-bədii gecə keçirib, “Şərq intibahının zirvəsi” adlı sərgi nümayiş olunub. Tədbirdə universitet tələbələri, fəal oxucular və kitabxana əməkdaşları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Metodika və biblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova dünya söz sənətinin korifeyi Nizami Gəncəvinin dahi şair kimi  dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri ilə özündən sonra gələn Şərq şairləri üçün ədəbi məktəb olduğunu, sənətinin ölməzliyi ilə əsrləri aşaraq bu günə qədər işıq saçdığını qeyd edib. Oxuculara Xidmət şöbəsinin müdiri Bəsti Məmmədova Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında əhatəli məruzə ilə çıxış edib:  Dahi şairin misilsiz poeziyasında əmək və əmək adamlarına dərin məhəbbət, hər yerdə hünər və gözəllik axtarışı, yeniliyin köhnəliklə mübarizəsi, düzlük və doğruluq kimi bədii estetik düşüncələr vəsf olunmuşdur... Tədbirdə çıxış edən tələbə və fəal oxuculardan İsmayılova Nurgül, Qurbanova Pəri, Abdullayev Həsənəli, Vəliyeva Səma, İsgəndərli Elcan, Səmədov İsgəndər, Kərimova İnarə və başqaları dahi Nizaminin söz çələngindən seçmələr söyləyiblər. BDU–nun 4-cü kurs tələbəsi Aysel Seyidovanın xüsusi istedadlıqla hazırladığı udun müşaiyəti ilə söylədiyi “Sənsiz” romansı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Tədbirdə şeirlər  2 saylı Uşaq Musiqi Məktəbinin tar sinfinin şagirdi Mehdizadə Kənanın müşayiəti ilə ifa olunub. Tədbirdə çıxış edən kitabxana əməkdaşları Nizami Gəncəvi ədəbi irsinin oxucular arasında təbliğində, geniş oxucu kütləsinə çatdırılmasında kitabxanaların da böyük rolu olduğunu qeyd ediblər.