02.11.2021
02 noyabr 2021-ci il tarixdə MKS – nin E. Hüseynov adına Mərkəzi Kitabxana və Şəhər 2 nömrəli kitabxana filialının əməkdaşları Diyarşünaslıq klubu əməkdaşları ilə birlikdə 44 günlük Vətən Müharibəsində Ağdam uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış əsgər Hüseynov İlqar Yaşar oğlunun ailəsini ziyarət edib. Anası Nurcahan xanımın ürək yanğısı ilə söhbətlərindən məlum olub ki, anasına həyatı qədər bağlı olan İlqarın musiqiyə böyük həvəsi olub, xüsusilə də “Dünya sənin, dünya mənim, dünya heç kimin” mahnısını oxuyardı. Qazax Dövlət Sosial – İqtisadi Kollecində təhsil aldığı müddətdə özünün vətənpərvərliyi ilə seçilib. Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı İlqar Hüseynov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə qatılıb, artilleriya batareyasının əsgəri kimi mərdlik, mübarizlik nümayiş etdirib. 28 oktyabrda Ağdam istqamətində düşmənin hücumunu dəf edən zaman İlqar minaatan silahdan atılan mərminin qəlpəsindən ağır yaralanıb və döyüş meydanında şəhid olub. Anasını dünyalar qədər istəyən, onun ağlamasına qıymayan İlqarda Ana Vətən sevgisi daha güclü olub. Şəhid İlqar Hüseynovun igidliyi dövlət tərəfindən yüksək qiymətləndirilib, o, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.
_______________________________________________________________
Həmçinin, 02 noyabr 2021-ci il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Aslanbəyli, Yuxarı Salahlı kənd 1 və 2 nömrəli kitabxana filalları Folklor evinin əməkdaşları ilə birlikdə Vətən torpaqlarının ərazi bütövlüyünü canı-qanı bahasına qoruyaraq canından keçən igid oğullarmızdan biri olan şəhid - kiçik çavuş Sərxan İslam oğlu Mustafayevin ailəsinə baş çəkiblər. Şəhidin anası Fəridə xanımın acılarla dolu xatirəsindən məlum olub ki, Sərxan Mustafayev həqiqi hərbi xidmətdən sonra Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində motoatıcı taborunun müddətdən artıq həqiqi hərbi qulluqçusu kimi Vətən Müharibəsində şücaətlə döyüşüb,əsl qəhrəmanlıq göstərib. Snayperçi kimi düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib.31 oktyabr 2020-ci il tarixində Füzuli –Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Sərxan Aslanbəyli kənd qəbristanlığında dəfn edilib. Döyüşlərdə göstərdiyi igidlik dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda ”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.