29.12.2021
29 dekabr 2021-ci il tarixində Qazax rayon Heydər Əliyev Mərkəzində 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə “Həmrəyliyin qələbəsi” başlıqlı tədbir keçirildi. Tədbirdə Q.Hacımahmudova adına Qazax şəhər ümumi orta məktəbin müəllim və şagirdlər iştirak etdilər. Tədbiri Mərkəzin direktoru Ceyhunə Hüseynova açaraq şagirdləri bayram münasibətilə təbrik etdi və şagirdlərə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən və artıq ənənəvi bayramlarımızdan biri olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən ətraflı məlumat verdi və bildirdi ki, 31 dekabr tarixi Azərbaycan xalqının birlik, bərabərlik nümayiş etdirdiyi gündür. Dünya azərbaycanlılarının həmrəyliyi günü Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 16 dekabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilmişdir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Artıq iki ildir ki, dünya azərbaycanlıları 31 dekabr – Həmrəylik Gününü son dərəcə böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın düşmən işğalından azad edilməsi, torpaqlarımızın ərazi bütövlüyünün bərpa olunması xalqımızı 30 il davam edən məğlubiyyətdən qurtarmış və onu qalib xalqa çevirib.
Sonra şagirdlər Vətənə, həmrəyliyə aid şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalarla çıxış etdilər. Şagirdlərə bayram sovqatlarının verilməsi ilə tədbir sona çatdı.