18.03.2022
18 mart 2022 ci il tarixində Tovuz rayon Tarix-Diyarşünaslıq muzeyində Milli mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz bayramı ilə əlaqədar "Baharın gəlişi" adlı sərgi keçirildi. Sərgidə bayramın tarixi, çərşənbələr, xalq arasında yayılmış adətlər, habelə bayram oyunları, xalq meydan tamaşaları, ayrı-ayrı mövsüm atributları ilə bağlı və digər mövzularda mövcud olan eksponatlar nümayiş olundu. Tovuz rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Günel Qasımova çıxış edərək Novruz bayramının ölkəmizdə hər zaman böyük ruh yüksəkliyi ilə keçirildiyini, Tarix-Diyarşünaslıq Muzeyinin zəngin kolleksiyasında Novruz bayramına aid maraqlı eksponatların qorunduğunu bildirib.Həmçinin çıxışında bildirdi ki, 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında Azərbaycan Respublikasının təşəbbüsü və digər tərəfdaş ölkələrin dəstəyi ilə 21 mart “Beynəlxalq Novruz Günü” elan edilib. Bu təşəbbüs Azərbaycan dövlətinin bütün xalqlarla həmrəylik, dostluq və anlaşma şəraitində yaşamaq istəyi ilə yanaşı, eyni zamanda mədəniyyətin, mənəvi dəyərlərin irqindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar arasında birləşdirici rolunun təşviq olunmasının əhəmiyyətini bir daha göstərir.