26.05.2018
Azərbaycan Respublikası Mədəniyyət Naziri cənab Əbülfəs Qarayevin 2017-ci ilin əvvəlində Regionlarda mədəniyyət müəssisələrinin qarşılıqlı təcrübə mübadiləsinin və konsertlərin təşkil olunması barədə verdiyi tapşırığa əsasən 26 may 2018-ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ağstafa şəhər Uşaq Musiqi məktəbinin konsert zalında Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibəti ilə "Şanlı Tariximiz" başlığı altında Ağstafa və Şəmkir Uşaq Musiqi məktəblərinin birlikdə konserti təşkil olundu. Konsert proqramında rayon ictimaiyyətinin nümayəndələri və mədəniyyət işçiləri iştirak etdilər. Konsertdən öncə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev çıxış edərək belə tədbirlərin şagirdlərin ifaçılıq imkanlarının yüksəldilməsində xüsusi rolunun olduğunu qeyd etdi. Daha sonra 2018-ci ilin aprel ayında keçirilmiş respublika müsabiqəsində kamança üzrə III yer tutmuş Rüstəmli Məryəm Rəşad qızını, uğurlu ifaları ilə Mədəniyyət Nazirliyinin fəxri-fərmanına layiq görülmüş şagirdlərdən Əlizadə Vasif Rövşən oğlunu, Muradova Nəzrin Kamil qızını və onları müsabiqəyə hazırlayan müəllimləri fəxri-fərman və hədiyyələr ilə təltif etdi. Bundan sonra hər iki məktəbin birgə konserti oldu. Maraqlı konsert proqramı dinləyicilər tərəfindən alqışla qarşılandı.