Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Abulbəyli kənd Folklor Mədəniyyət evində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin polkovniki, Milli Qəhrəman İlqar Mirzəyev haqqında sənədli filmin təqdimatı olub

27.09.2022

27 sentyabr 2022-ci il tarixində Tovuz rayon Abulbəyli kənd Folklor Mədəniyyət evində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin polkovniki, Milli Qəhrəman İlqar Mirzəyev haqqında çəkilmiş “Artilleriyanın atası” sənədli filminin təqdimatı olub.

Tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, mədəniyyət və incəsənət nümayəndələri, ictimaiyyət nümayəndələri, Vətən müharibəsi iştirakçıları, şəhidlərin ailə üzvləri iştirak edib.

İlk olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Filmdən öncə Tovuz rayon Xalq teatrının 27 Sentyabr - Anım Günü ilə bağlı təqdim etdiyi

 "Bu həsrətə son qoyaq" adlı ədəbi-bədii kompozisiya tamaşaçılara dərin, təsirli anlar yaşadıb.

Tədbirin davamında filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə çıxış edərək bildirib ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında 2010-cu ildən başlayaraq “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən sənədli filmlər çəkilir. İndiyədək bu silsilədən 100-dən artıq film lentə alınıb.

K.Musazadə bildirdi ki, İlqar Mirzəyevin keçdiyi döyüş yolu bir rejissor kimi onu çox heyrətləndirib: “Onu da qeyd edim ki, İlqar Mirzəyev Aprel döyüşlərində göstərdiyi şücaətdən sonra döyüşçü dostları ona “Artilleriyanın atası” ləqəbini veriblər. Buna görə də şəhidimizin bu ləqəbi filmin adı olaraq seçildi. Mənim üçün şəhid qəhrəmanlarımızdan əziz, dəyərli bir mövzu yoxdur. Çünki onlar ərazi bütövlüyümüz uğrunda öz həyatlarını fəda elədilər. Bizim də missiyamız onların qəhrəmanlıqlarını gələcək nəsillərə ötürməkdir”.

Çıxışlardan sonra “Artilleriyanın atası” sənədli filmi nümayiş etdirilib.