Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Mədəniyyət Mərkəzində ”Artilleriyanın atası” adlı sənədli filmin təqdimatı keçirilib

27.09.2022

Sentyabrın 27-də Ağstafa rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin polkovniki, Milli Qəhrəman İlqar Mirzəyev haqqında çəkilmiş “Artilleriyanın atası” sənədli filminin təqdimatı olub.

Təqdimatda Ağstafa rayon icra başçısı Seymur Orucov, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin və qazilərinin ailə üzvləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri, idarə və müəssisə rəhbərləri iştirak edib.

Mədəniyyət Nazirliyinin “Salnamə” studiyasında çəkilmiş film zəfərə aparan yola mühüm təkan vermiş Tovuz döyüşlərinin ikinci ildönümünə həsr olunub.

Filmin rejissoru və ssenari müəllifi Kamalə Musazadə, operatoru Soltan Abdullayev, montajçıları Kamalə Musazadə və Sabir Əskərzadə, prodüseri isə Nazim Hüseynovdur.

Təqdimat şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Filmin nümayişindən əvvəl çıxış edən Kəmalə Musazadə filmin çəkilişləri ilə bağlı məlumat verib: “Bizim studiyada Polad Həşimovla bağlı film çəkildiyi üçün mən onun döyüş yoldaşı İlqar Mirzəyev haqda film çəkməyi düşündüm. Onun döyüş yoluna, şəxsi keyfiyyətlərinə baxanda çox heyrətlənirdim. İlqar Mirzəyev Aprel döyüşlərində artilleriya komandiri olub. Biz çəkilişləri həmin artilleriya qurğularının yerləşdiyi ərazidə, həmçinin Tovuz döyüşləri zamanı onun şəhid olduğu yerdə apardıq. “Qara qaya” zirvəsində bu hadisə baş verəndə İlqar Mirzəyevlə birgə döyüş yoldaşı Təbriz Kərimov da orada idi. Biz onların qurumayan qanını lentə almışdıq. Təbriz Kərimov ağır yaralansa da, sağ qalıb və öz qanını filmin nümayişi zamanı görəndə çox təsirləndi”.

Sonra film nümayiş etdirilib.

Qeyd edək ki, 2020-ci il iyulun 12-14-də ermənilərin növbəti təxribatı nəticəsində Tovuz döyüşlərində Polad Həşimov və İlqar Mirzəyevlə birlikdə 12 nəfər şəhid olub.

 

Vətən uğrunda canından keçən şəhidlərimizi böyük qürur və hüznlə anırıq.