Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Heydər Əliyev Mərkəzində “Zamanın dühası - 100” başlıqlı intellektual yarış keçirilib

14.03.2023

Qazax rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Zamanın dühası - 100” başlıqlı intellektual yarış keçirilib

Martın 14-də Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Qazax rayon Heydər Əliyev Mərkəzi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Qazax rayon mədəniyyət müəssisələrinin əməkdaşları arasında “Zamanın dühası - 100” başlıqlı intellektual yarış keçirilib.

İlk olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə iştirak edərək yarış iştirakçıları ilə görüşüb, onlara səmimi ürək sözlərini çatdıraraq uğurlar arzulayıb. 

 

Mərkəzin direktoru Ceyhunə Hüseynova iştirakçıları və qonaqları salamlayıb, Azərbaycan tarixində Ulu Öndər Heydər Əliyevin xüsusi rolu olduğunu qeyd edib. 

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov çıxış edərək 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsinin əhəmiyyətindən danışıb. 

Sonra yarışın şərtləri haqqında məlumat verilib. Rayonun mədəniyyət müəssisələrində çalışan əməkdaşlar 8 komanda, hər komandada 5 iştirakçı olmaqla 3 mərhələdə yarışaraq birincilik uğrunda mübarizə aparıblar. 

İştirakçılara Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən 60 sual verilib. 3 nəfərdən ibarət münsiflər heyəti - MİHİ Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Qazax rayon Heydər Əliyev Mərkəzinin direktou Ceyhunə Hüseynova, Qazax rayon MKS-nin Metodika və Biblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova intellektual yarışmanın obyektivliyini təmin etmək üçün yarışın gedişatını yaxından izləyib. 

İntellektual yarış maraqlı və gərgin mübarizə şəraitində keçib. Qazax Rayon Mədəniyyət Mərkəzinin komandası bütün mərhələlərdə fərqlənərək 1-ci yerə layiq görülüb. Yarışda 1-ci yeri tutan komanda mükafatlandırılıb. Bütün komandalara iştirakçı sertifikatı və hədiyyə verilib.