29.10.2018
29 oktyabr 2018-ci il tarixdə Qazax rayon Heydər Əliyev Mərkəzində Agstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə 20 oktyabr-20 noyabr tarixlərində BMT-nin Uşaq hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü, 20 noyabr –Ümumdünya Uşaqlar günü ərəfəsində uşaqlara diqqətin artırılması məqsədilə “Uşaq hüquqları aylığı” çərçivəsində “Hər bir uşaq hüquqlarını bilməlidir” başlığı altında maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Qazax rayon M.Hüseyn adına Humanitar və Təbiət təmayüllü məktəb-liseyin müəllim və şagirdləri iştirak etmişdirlər. Mərkəzin direktoru C.Hüseynova “Uşaq hüquqları aylığı”nın yaranma zərurətindən və tarixindən bəhs edən ətraflı mühazirəsində bildirdi ki, -“İnsan hüquqları subyekti olan uşaqlar beynəlxalq səviyyədə diqqət mərkəzindədirlər. 1948-ci ildə BMT-də Ümumdünya insan bəyənnaməsi qəbul edildi və dünyadakı bütün insanların malik olduqları əsas hüquqlar həm də uşaqlara şamil edildi. Amma sonra qərara alındı ki, uşaqlar ayrıca bir qrupdurlar və onların hüquqları ayrıca qorunmalıdır. Ona görə də 1950-ci ildə ilk sənəd layihəsi hazırlandı. Uzun sürən müzakirədən sonra 1959-cu il 20 noyabrda Uşaq hüquqları bəyənnaməsi BMT tərəfindən qəbul edildi. Azərbaycan isə 2 mart 1992-ci ildən BMT-yə üzv oldu və UHK-na qoşuldu. Ümummilli lider Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı. Azərbaycanın sabahının da qayğısına qalan Ulu Öndərimiz hər zaman qızıl kimi vaxtından ayırıb uşaqların bayram tədbirlərinə qatılırdı”. Sonra uşaqlara öz hüquqları haqqında ətraflı məlumat verilərək onların sərbəst yaşamaq, müdafiə olunmaq, təhsil almaq və s.hüquqları vardır. Tədbirin sonunda uşaqlara UHK-da öz əksini tapmış hüquqlar yazılmış broşurlar paylanmış və muzeyin ekskursiyası ilə tədbir başa çatdırılmışdır.