Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zamanların yaddaşından soraq verən sərvətlərimiz

17.04.2024

17 aprel 2024-cü il tarixində Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Gəncə Regional İdarəsinin Qazax rayonu üzrə Abidə Mühafizəçiləri ilə birlikdə 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Zamanların yaddaşından soraq verən sərvətlərimiz” adlı tədbir keçirilib.

Qazax rayonun Yuxarı Salahlı kəndində yerləşən dahi şairimiz Səməd Vurğunun Poeziya Evində təşkil olunan tədbirdə mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, məktəblilər iştirak edib. Mərkəzi kitabxananın açıq havada təşkil etdiyi “Zamanların yaddaşından soraq verən sərvətlərimiz” adlı geniş kitab sərgisində Azərbaycanın dünya, ölkə və yerli əhəmiyyətli tarixi adidələrini, mədəni irsimizi əks etdirən kitablar, eyni zamanda erməni hərbi birləşmələri tərəfindən qəddarcasına dağıdılmış mədəniyyət abidələri haqqında materiallar nümayiş olunub. MKS-nin direktoru Fəridə Xudiyeva, Poeziya Evinin direktoru Mətanət Rəhimova, baş abidə mühafizəçisi Səadət Alıyeva tarixi gün haqqında ətraflı məlumatlarında qədim, şanlı tarixi olan Vətənimizin minillik tarixi yaddaşını əks etdirən, yaşadan zəngin maddi-mədəniyyət abidələrimizdən söhbət açıblar. Ölməz Səməd Vurğunun dillər əzbəri olan “Hər saxsı parçası, hər məzar daşı, Nəsildən-nəsilə bir yadigardır” misralarını yada salıblar. Görüşdə iştirak edən məktəblilərə Vətənimizin keçmişini yaşadan abidələrimzi sevərək qorumağı tövsiyyə edərək qeyd ediblər ki, öz keçmişini bilməyən gələcəyi üçün də vuruşmayacaq.

Poeziya Evində fitri, parlaq istedadı ilə Azərbaycan ədəbiyyatını, mədəniyyətini, dünya ədəbiyyatını zənginləşdirən dahi Səməd Vurğunun şərəfli ömrünü əks etdirən eksponatlarla tanış olunub, “Xatirə kitabı”na ürək sözləri yazılıb. Poeziya Evinin direktoru Mətanət Rəhimova tərəfindən dahi şairin kitabları Mərkəzi kitabxanaya hədiyyə edilib. Sonda xatirə şəkili çəkilib.