29.04.2024
Aprelin 29-da Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində şagirdlərin narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirilməsinə həsr olunmuş “Narkomaniyaya yox deyək!” başlıqlı tədbir keçirilib.
Tədbirdə məktəbin müəllimləri Murad Məmmədov, Xanlar Həsənov narkomaniyanın zərərlərindən danışaraq narkomanlıqla mübarizənin hər bir vətəndaşın vəzifəsi olduğunu və elə bu səbəbdən də Azərbaycan Respublikasının bütün aidiyyəti dövlət orqanlarının narkomanlıqla ciddi şəkildə mübarizə apardıqlarını xatırlatdılar. Bildirildi ki, hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da narkotik istifadəçilərinin böyük əksəriyyətini gənclər təşkil edir. Belə vasitələr ilk dəfə yeniyetmələrə, gənclərə pulsuz verilir. Onlar buna aludə olduqdan sonra pulla almağa məcbur olurlar. Bu gənclər pul tapmadıqda isə hər cür cinayətə əl atırlar. Bu bir tərəfdən cinayətkarlığın inkişafına şərait yaradırsa, digər tərəfdən gənc nəslin sağlamlığının məhv olmasına gətirir və milli genofondu təhlükə altına alır.
Çıxışlarda həmçinin, bu qəbildən olan maarifləndirici tədbirlərin gələcəyimiz olan uşaqlar üçün çox önəmli olduğu, aparılan profilaktik işlərin böyüməkdə olan nəslin neqativ vərdişlərə meylliliyinin qarşısının alınmasında əvəzsiz rol oynadığı vurğulanıb.
Diskussiya formatında davam edən tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.