Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda Türk Dünyasının Həmrəylik günü qeyd edildi

03.05.2024

03 may 2024-cü il tarixdə Qazax Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində 3 May –Türk Dünyasının Həmrəyliyi gününə həsr edilmiş “Bir olaq, həmrəy olaq” adlı tədbir təşkil edilib. Tədbirdə Mədəniyyət Mərkəzinin və filialların əməkdaşları, Qazax rayonunun Orta Salahlı kəndində yaşayan Axıska türklərindən bir qrupu, şair Cavanşir Rüstəm, Qazax-Tovuz Aşıqlar Birliyinin sədri aşıq Camoy Qurbanov, aşıq Lütviyyə Musayeva və başqaları iştirak ediblər. 

Tədbir ölkəsinin azadlığı uğrunda canından keçən Türkiyə və Azərbaycan Şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Sonra Vahid Bayramovun şair Cavanşir Rüstəmin “Türk dünyası“ şeirinə yazdığı musiqisi səsləndirilib.

Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova açaraq bu gün münasibəti ilə tədbir iştirakçılarnı təbrik edib, bu günün yaranma tarixindən danışıb. O, qeyd edib ki, Türk dünyasının birlik və qardaşlıq rəmzinə çevrilmiş Türk Dünyasının Həmrəyliyi Günü Azərbaycanda 1992-ci ilin may ayından qeyd olunur. Hər xalq öz keçmişini, tarixini bilməli, özünü tanımalı və əcdadlardan qalan mirası yaşatmalıdır. 

Tədbirdə çıxış edən şair Cavanşir Rüstəm, aşıq Camoy Qurbanov çıxış edərək bildiriblər ki, türk dünyasının, türk millətinin gələcəyi üçün hər kəs əlindən gələni etməlidir. Çünki, türk millətinin, türk dünyasının gələcəyi bu birlikdən keçir. O, həmçinin bildirib ki, Azərbaycan-Türkiyə arasındakı münasibətlərin, qardaşlığımızın inkişafı türk dünyasının təməlidir. 

Tədbirdə iştirak edən Axıska türklərindən Rəsmiyyə Seyfullayeva və başqaları öz yurd-yuvalarından didərgin düşmələrindən, tarixlərindən, milli adət-ənənələrindən, xalqımızın, dövlətimizin onlara göstərdikləri diqqət və qayğıdan danışıblar. Onlar eyni zamanda bu görüşə görə mədəniyyət işçilərinə öz minnətdarlıqlarını bildiriblər. 

Tədbir türk dünyasına, Azərbaycan və Türkiyə qardaşlığına həsr edilmiş şeirlər və aşıqların ifasında gözəl saz havaları ilə davam etdirilib. Sonda qonaqlara çay süfrəsi açılıb.