Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda “Ağ ölümə qarşı mübarizə” adlı tədbir keçirilib

30.05.2024

Qazaxda Narkomaniyaya qarşı mübarizə tədbirləri çərçivəsində tədbir keçirildi.
30 may 2024-cü il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzində Mədəniyyət Mərkəzinin və MKS- nin birgə təşkilatçılığı ilə Narkomaniyaya qarşı mübarizə  tədbirlərinə həsr edilmiş “Ağ ölümə qarşı mübarizə” adlı tədbir təşkil edilib. Tədbirdə mədəniyyət müəssisələrinin əməkdaşları, yeniyetmələr və gənclər iştirak ediblər.
İlk öncə narkomaniyaya həsr olunmuş videoçarx nümayiş olunub. 
Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova açaraq narkomaniyanın törətdiyi fəsadlardan, onun acınacaqlı sonluğundan danışıb. O, qeyd edib ki, bununla əlaqədar vaxtaşırı tədbirlər həyata keçirilməli, orta məktəblərdə və təhsil müəssisələrində maarifləndirici təbliğatlar gücləndirilməlidir. 
Qazax rayon Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri, Əməkdar Mədəniyyət İşçisi İgəndər Qurbanov çıxış edərək bildirib ki, yeniyetmə yaş dövrü bütün uşaq yaş dövrlərinin ən çətin və vacib mərhələsini təşkil edir. Çünki bu dövr şəxsiyyətin qurulması, formalaşmasını təmin edir. Narkotik qəbul edən yeniyetmənin kriminal meyilləri xüsusən təhlükəlidir.  Narkomaniyanın faciəvi, qorxunc nəticələrindən danışarkən yaddan çıxartmaq olmaz ki, narkomaniya, ilk növbədə, insanlığı məhv edir, onu şüursuz bir varlığa, kimliyi, yeri-yurdu, bəlli olmayan, özünün insan olduğunu dərk etməyən “canlı ölüyə” çevirir.
Qazax rayon MKS-nin direktoru Fəridə Xudiyeva, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Qazax rayonu üzrə baş mütəxəssisi Səadət Əliyeva, Qazax şəhər 1 nömrəli folklor evinin müdiri Famil Hüseynov çıxışlarında bildiriblər ki, respublikamızda narkomaniya ilə mübarizə sahəsində heç də az iş görülməmişdir, lakin bununla qətiyyən kifayətlənmək və arxayınlaşmaq olmaz. Cəmiyyətimizin, ayrı-ayrı ictimai birlik və təşkilatların müxtəlif dövlət qurumlarının, xüsusən də hüquq-mühafizə orqanlarının bu istiqamətdə səylərinin birləşdirilməsi və gücləndirilməsi əsas amillərdəndir. Buna görə də narkomanlığa qarşı vaxtında aparılmış keyfiyyətli profilaktik tədbirlər çox vacibdir.