14.06.2024
14 iyun 2024-cü il tarixdə 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar Tovuz rayon Heydər Əliyev Mərkəzi və Tovuz rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə "Qurtuluşdan Zəfərə" mövzusunda tədbir təşkil edilib.
Tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib.
Sonra çıxış edərək bildiriblər ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. 1993-cü il iyunun 15-də başlayan Milli Qurtuluş yolu 2020-ci ilin noyabrın 8-də Azərbaycana öz tarixinin ən böyük Zəfərini yazmaq imkanı yaratdı. Məhz bu mənada əminliklə demək olar ki, Azərbaycan xalqı 8 noyabra gedən yolda ilk addımları məhz 1993-cü il iyunun 15-də atmışdı. Azərbaycan xalqının qurtuluşdan Zəfərə gedən yolu həm də Azərbaycan xalqının Zəfər tarixidir.
Sonda Milli Qurtuluş tarixini özündə əks etdirən kitablardan ibarət sərgiyə baxış keçirildi.