26.09.2024
26.09.2024-cü il tarixdə Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qaralar kənd kitabxana filialının təşkilatçılığı və Qaralar kənd tam orta məktəbin iştirakı ilə 27 Sentyabr Anım Günü ilə əlaqədar olaraq “Qürurun və zəfərin tarixi ” başlığı altında anım günü təşkil edilib. Əvvəlcə Azərbaycanın Milli Qəhrəmanı Zaur Sarıyevin büstü ziyarət edilib, gül dəstələri qoyaraq əziz xatirəsi ehtiramla yad edilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi , Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Qaralar kənd kitabxana filialının müdiri, Milli Qəhrəman Zaur Sarıyevin bacısı Kəmalə Sarıyeva çıxışlarında bildirib ki, Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb. Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib. Bu Zəfəri qazanmaq üçün canından, qanından keçən vətən oğullarını xalqımız heç vaxt unutmayacaq, onların xatirələrini hər zaman əziz tutacaqdır. Tədbirdə iştirak edən şəhid anaları övladlarının şərəfli döyüş yolundan danışıb, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər. Məktəblilər Anım Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxışlar edilib, şeirlər səsləndirilib.
Sonda şəhid anaları ilə bir süfrə arxasında görüş keçirilib.