Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda Aşıq Camoy Qurbanovun 70 illik yubileyi qeyd olunub

21.10.2024

Oktyabrın 21-də illərdir öz sənəti, saz havaları ilə aşıq sənətini yaşadan, gənc aşıqların yetişməsində əməyi olan, Azərbaycan Aşıqlar Birliyi Qazax-Ağstafa Bölməsinin sədri Aşıq Camoy Qurbanovun 70 illik yubileyi qeyd olunub.

Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşilatçılığı ilə Mədəniyyət Mərkəzinin böyük zalında keçirilən yubiley tədbirində Aşıq Camoy Qurbanovun sözünə, saz havalarına, şəxsiyyətinə dəyər, qiymət verənlər yubilyara olan təbriklərini çatdırıb, ünvanına səmimi ürək sözlərini səsləndiriblər.

Yubiley tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, millət vəkili Ülviyyə Ağayeva, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi v.i.e. Nail Məmmədov, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatınn sədri Anar Nəbiyev, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, AYB Qazax bölməsinin üzvləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, könüllülər, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin əməkdaşları, təhsil, mədəniyyət, səhiyyə işçiləri, yubilyarın yaxınları, doğmaları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Qazax şəhərinin mərkəzində Aşıq Dədə Şəmşirlə Dədə Ələsgərin büstləri önünə gül dəstələri qoyaraq aşıqlara olan ehtiramlarını bildiriblər. Sonra Fəxri qazaxlılar parkında Aşıq Ədalət Nəsibovun büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Mədəniyyət Mərkəzinin böyük zalında təşkil olunmuş tədbirdə Aşıq Camoy Qurbanova həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə Vətən yolunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla ehtiramla yad edilib.

Çıxışlarda ölkəmizdə mədəniyyətimizə, aşıq sənətimizə verilən dəyərin yüksək səviyyədə olduğunu söyləyiblər. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan aşıq sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi istiqamətində görülmüş işləri aşıq sənətimizə, aşıqlarımıza verilən ən böyük dəyər kimi qiymətləndiriblər. Aşıq sənətinin təbliği və inkişafı məqsədilə təqdirəlayiq işlər görüldüyünü, ölkəmizdə Aşıqlar Birliyinin yaradılmasını, fəxri adların verilməsini, aşıqların yubileylərinin qeyd olunmasını, kitabların və notların çap edilməsini, orta və ali musiqi məktəblərində aşıq sənətinin tədris olunmasını bu sahədə görülmüş işlər kimi diqqətə çatdırıblar.

Yubiley tədbiri bədii hissə ilə davam etdirilib.

Sonda yubilyar Aşıq Camoy Qurbanov çıxış edərək ona göstərilən diqqətə, qayğıya, bugünkü yubiley tədbirinin təşkilinə görə rayon rəhbərliyinə, əziyyəti keçən insanlara öz adından və ailəsi adından minnətdarlığını bildirib. Ünvanına xoş sözlər söyləyən, onu təbrik edən hər kəsə səmimi arzularını çatdırıb.