28.10.2024
28 Oktyabr 2024-cü il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və MİHİ Qazax rayon Komitəsinin təşkilatçılığı ilə “Narkomaniya sərhədsiz fəlakətdir” adlı dəyirmi masa təşkil edilib.
E. Hüseynov adına Mərkəzi kitabxananın oxu zalında təşkil olunan tədbirdə MKS-nin direktoru F. Xudiyeva, MİHİ –nin Qazax rayon Komitəsinin sədri, Əməkdar Mədəniyyət işçisi İ. Qurbanov müasir dövrdə bəşəri bəla, xalqların, millətlərin təhlükə mənbəyinə çevrilən, insan həyatında dəhşətli fəsadlar yaradan, cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniyanın, tütün və digər psixoaktiv maddələrin mənfi təsiri ilə bağlı dövlətimizin narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə haqqında ətraflı məlumat veriblər.
Mərkəzi kitabxananın əməkdaşı Abdullayeva Səyalı “Narkomaniya sərhədsiz fəlakətdir” adlı məruzə ilə çıxışındabəşəriyyət üçün ən böyük qlobal bəlanın fəsadları haqqında, gənclər arasında ona aludəçiliyin qarşısının alınmasının ölkəmizdə dövlət səviyyəsinə qaldırılaraq Milli Proqramlar qəbul olunması haqqında ətraflı məlumat verib.
Çıxış edənlər inkişaf yolunda inamla irəliləyən ölkəmizdə cəmiyyətin bu gününə və gələcəyinə ağır təsir göstərən narkomaniyanın və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində uğurlu işlər aparıldığını, bu sahədə sağlam ətraf mühitin, asudə vaxtın səmərəli təşkilində kitabxanaların da böyük rolu olduğunu qeyd ediblər.
Tədbirdə nümayiş olunan “Narkomaniya sərhədsiz fəlakətdir” adlı videoçarxda səfil həyat tərzi sürən, baxımsız, təhsildən yayınan yeniyetmələrin, gənclərin, narkotik vasitələr və psixotrop maddələrdən asılı olan şəxslərin acınacaqlı həyatı əks olunub, onların sağlam həyata qaytarılması üçün mübarizənin dövlətimizin daim ciddi nəzarətində olduğu, bu işə qarşı profilaktikanın gücləndirilməsi məqsədi ilə reabilitasiya mərkəzlərinin yaradıldığı haqqında kadrlar nümayiş olunub.