05.11.2024
05.11.2024-cü il tarixdə Gədəbəy rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Mədəniyyət müəssisələrinin birgə iştirakı ilə Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2018-2026-cı illər üçün "Milli Fəaliyyət Planı" nın icrası və bu sahədə maarifləndirmə işlərinin aparılması ilə əlaqədar "Korrupsiyaya Yox Deyək" adlı tədbir təşkil edilib.
Tədbiri giriş sözü ilə Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov açaraq bildirdi ki, korrupsiya bu gün bütün dünya dövlətlərini narahat edən bir məsələdir. Korrupsiya ictimai bir bəladır. Bu halların aradan qaldırılması üçün hər bir vətəndaş çalışdığı müəssisədə korrupsiya ilə mübarizə aparmalı, bu mübarizə işçilərin qarşısında bir vəzifə kimi qoyulmalıdır. Bu sahədə aparılan mübarizədə hər bir vətəndaş fəal iştirak etməlidir. Mədəniyyət işçiləri korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə təbliğat və təşviqat işlərini daha da gücləndirməlidirlər.
Korrupsiyaya qarşı mübarizənin səmərəli surətdə həyata keçirilməsi üçün ictimaiyyətin maarifləndirilməsi və məlumatlandırılması məqsədi ilə mədəniyyət müəssisələrində daim tədbirlər həyata keçirilməli, korrupsiyanın mahiyyəti və onun cəmiyyət üçün törətdiyi ağır fəsadlar haqqında məruzələr və mühazirələr oxunmalı, görüşlər keçirilməli və söhbətlər aparılmalıdır.
Daha sonra Gədəbəy rayon İcra Hakimiyyəti Apararının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Qədir bağırov öz çıxışında qeyd edib ki, bu gün korrupsiyaya qarşı mübarizə respublikamızın hər yerində geniş vüsət almışdır. Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlərdən biri də respublikamızda korrupsiyaya qarşı mübarizə aparmaq və onun tamamilə ləğv edilməsinə çalışmaq olmuşdur. Mədəniyyət işçiləri də bu sahədə daha fəal olmalı, təbliğat işini gücləndirməlidirlər. Hər bir mədəniyyət müəssisəsi bu sahədə öz üzərinə düşən vəzifəsini layiqincə dərk etməli, bu sahədə əyani və şifahi təbliğatın müxtəlif növlərindən bacarıqla istifadə etməlidirlər.