06.11.2024
06 noyabr 2024-cü il tarixdə Tovuz rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş "Zəfər salnaməsinin şanlı 44 günü" mövzusunda konfrans keçirilib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirildi və sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransı giriş sözü ilə Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova açaraq ölkəmizin Zəfər qazanması münasibətilə iştirakçıları təbrik etdi.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti Başçısın müavini Təranə Bayramova, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Tovuz rayonu üzrə nümayəndəsi Adil Həsənov, Tovuz rayon MKS-nin direktoru Güldərən İbrahimova, Heydər Əliyev Mərkəzinin fond mühafizi Aytac Əliyeva, şəhid Zeynallı Fikrət Akif oğlunun anası Sultanova Qızxanım Balabəy qızı, şəhid İsmayılov Ceyhunun anası İsmayılova Aytəkin, şəhid Şəkərov Xəyal İman oğlunun atası Şəkərov İman çıxış edərək bildirdilər ki, Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri canı-qanı bahasına Ermənistanın 30 il ərzində milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamları yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi. Azad olmuş bütün torpaqlarımızda üçrəngli bayrağımızın əbədi olaraq dalğalandırılması, ölkə rəhbərinin böyük sevinc hissi ilə xalqımıza verdiyi qələbə müjdələri, dünyanın nüfuzlu nəşrlərinə verdiyi məntiqli, dolğun müsahibələr Azərbaycanın haqq savaşında qalib gəlməsi üçün böyük stimul idi və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi.
Daha sonra təşkil olunmuş "Zəfər Səlnaməsinin şanlı 44 günü " başlıqlı filmə və kitab sərgisinə baxış oldu.