02.12.2017
02 dekabr 2017-ci il tarixdə Ağstafa şəhər Heydər Əliyev Mərkəzində Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Ağstafa, Qazax və Tovuz rayonlarının aşıqlarından ibarət "İncəgülü" aşıqlar ansamblı ilə Gürcüstan respublikasının Marneuli rayonundan olan aşıqların iştirakı ilə “Sazımızın qüdrəti, sözümüzün hikməti” adlı geniş konsert proqramı keçirilmişdir.
Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev Mərkəzinin önündə Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstləri düzdülər. Mərkəzin həyətində təşkil olunmuş sərgilərə, yeniyetmə və gənclərin əl işlərindən ibarət kompazisiyalara və balaca aşıqlardan ibarət xor kollektivlərinə baxış keçirildi.
Mərkəzin böyük akt zalında tədbiri giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq bildirdi ki, aşıq sənəti Azərbaycan xalq ədəbiyyatının və mədəniyyətimizin dərin qollarından biridir. Ağstafalıların həmişə aşıq sənətinə böyük dəyər verdiyini və ölkəmizdə ilk dəfə olaraq məhz saza Ağstafada heykəl qoyulduğunu bildirdi. Qədim mədəniyyət irsinə malik olan aşıq sənətinin son dövrdə dünyada inkişaf etdirilməsi H.Əliyev Fondunun Prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısının nəticəsidir.
Daha sonra Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi cənab Ramiz Quliyev çıxış edərək aşıq sənətinin inkişaf etdirilməsi məqsədilə idarə tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat verdi. Belə ki, 26 iyul 2017-ci il tarixində Qazax rayonunda Əməkdar İncəsənət Xadimi, Prezident təqaüdçüsü mərhum aşıq Ədalət Nəsibovun “Sənət dünyası”na həsr etdiyi “Ecazkar barmaqların sehrində” adlı tədbir keçirilmişdir. 10 dekabr 2017-ci il tarixdə isə qonşu Gürcüstan Respublikasının Marneuli rayonunda Borçalı aşıqları ilə birlikdə Əməkdar Mədəniyyət işçisi, Gürcüstan Respublikasının “Şərəf” ordeni ilə təltif olunmuş ustad aşıq Kamandar Əfəndiyevin 85-illik yubileyi ərəfəsində ona həsr edilmiş tədbir keçirildi. Onu da qeyd etdi ki, Azərbaycanın qədim tarixə malik xalq yaradıcılığı və qeyri-maddi mədəni irsin əhəmiyyətli sahəsi olan aşıq sənəti milli mədəniyyətimizin mühüm tərkib hissəsidir. “Azərbaycan aşıq sənətinin 2018-2021-ci illər üzrə inkişafına dair Fəaliyyət Planı”na və 18 iyul 2017-ci il tarixdə Şəmkir rayonunda cənab nazirimiz Əbülfəs Qarayevin keçirdiyi müşavirədə aşıq sənətinə diqqət və qayğının artırılması tapşırığına uyğun olaraq silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Növbəti tədbirlərimizin Respublikanın paytaxtı Bakı şəhərində və qardaş Təbriz aşıqları ilə yoldaşlıq konserti keçirməyi planlaşdırırıq.
Tədbir aşıqların təqdimatında geniş konsert proqramı ilə davam etdirildi. Konsert proqramı tamaşaçıların yaddaşında xoş təəssuratlı izlər buraxdı. Sonda aşıqlarla xatirə şəkili çəkdirildi.