18.04.2025
Tovuzda tarixi abidələrə və qədim yaşayış məskənlərinə ekskursiya təşkil edilib.
18 aprel 2025-ci il tarixdə Tovuz rayon Heydər Əliyev Mərkəzinin Mərkəzi Kitabxananın və Tarix-Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər günü ilə əlaqədar Tovuzda e.ə. VII-VI minilliyə aid olan Göytəpə neolit dövrü abidəsinə ekskursiya təşkil edilib.
Ekskursiya zamanı iştirakçılara qədim yaşayış məskəni haqqında məlumat verən Heydər Əliyev Mərkəzinin direktoru tarixçi Humay Aslanova bildirib ki, abidənin qədimliyi dünyanın bir çox nüfuzlu elm adamlarının və mütəxəssislərin ciddi marağına səbəb olmuşdur. 2008-ci ildən başlayaraq hər il Fransa Milli Araşdırmalar Mərkəzinin, Tokio Universitetinin əməkdaşlarının iştirakı ilə stasionar arxeoloji qazıntılar aparılmışdır. Göytəpə yaşayış yeri Azərbaycanda və Qafqazın cənubunda neolit dövründə baş verən inkişaf prosesinin əsas xüsusiyyətlərinin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir. Burada aparılan arxeoloji qazıntı işləri neolit dövrünə aid tikinti mədəniyyətini, Kür çayının orta axarı boyunca erkən neolit həyat tərzinin öyrənilməsinə imkan yaratmışdır deyə söylədi. Daha sonra yaşayış məskənində aşkar edilən daş və sümük alətlərə baxıldı. Bildirildi ki, aşkar olunan maddi-mədəniyyət nümunələrinin elmi təhlili Tovuz ərazisinin Qafqazın ən qədim yaşayış məskəni olduğunu sübut edir.
Dünya arxeologiyasında Göytəpə yaşayış məskəni tipli neolit dövrünə aid arxeoloji abidələr ilkin sivilizasiyanın başlanğıc nöqtəsi, proto-şəhər, yəni insanların yığcam yaşayış tərzinin bərqərar olduğu ilkin şəhər mədəniyyətinin formalaşması dövrü kimi dəyərləndirilir.
Eyni zamanda Tovuz rayonu qədim yaşayış məskəni olduğu üçün Tovuzda başka bir sıra qədim tarixi abidələrdə mövcuddur.
Tovuz şəhərinin cənub-qərb istiqamətində yerləşən və dövlət tərəfindən qorunan XVII əsrə aid Məscid və Türbə kompleksi 80-ci illərdə tədqiq edilib. Axınca çayın ətrafında yerləşən digər orta əsrlər dövrünə aid memarlıq kompleksi çayın üzərində XV əsrə aid Aran memarlıq məktəbi üslubunda inşa olunmuş Sultan körpüsüdür. Məscid və qəbiristanlığın və Sultan körpüsünün arasında olan ərazinin böyük bir hissəsi Qala düzü adlanır.