Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda Beynəlxalq Ailə Günü münasinbəti ilə tədbir keçirildi

15.05.2025

Qazaxda Beynəlxalq Ailə Günü münasinbəti ilə tədbir keçirildi. 
15 may 2025-ci il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzində Mədəniyyət Mərkəzinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin birgə  təşkilatçılığı ilə 15 May - Beynəlxalq Ailə gününə həsr olunmuş “Sağlam ailə, sağlam gələcək” adlı tədbir keçirilib.
Tədbirdə 44 günlük Vətən müharibəsi Şəhidi Məmmədov Məhəmmədəli Zakir oğlunun valideynləri, 50 illik birgə həyat yolu keçmiş Qazaxın dəyərli şairi Cavanşir Rüstəm və həyat yoldaşı Dilşad Rüstəmova,  şairə Tamella Poladlı, Aşıqlar Birliyinin üzvü aşıq Camoy Qurbanov, təqaüddə olan mədəniyyət işçisi Rasimə Hüseynova, BDU-nin Qazax filialının  tələbələri və mədəniyyət işçiləri iştirak ediblər. 
Tədbirdə Ümummilli lider Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını  fəda etmiş Şəhidlərimizin əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edilib. 
Qazax rayon Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova, MİHİ Qazax rayon komitəsinin sədri, Əməkdar Mədəniyyət İşçisi İsgəndər Qurbanov,  Qazax rayon MKS-nin direktoru Fəridə Xudiyeva Azərbaycanda cəmiyyətin özəyi sayılan ailəyə həmişə böyük önəm verildiyindən, dövlətimiz tərəfindən ailələrə  göstərilən diqqət  və  qayğıdan danışaraq  cəmiyyətin formalaşmasında və saflaşmasında ailənin mühüm rol oynadığını diqqətə çatdırıblar. Nümunəvi ailə simvolu kimi tədbirə dəvət olunmuş Şəhid ailəsinə qəhrəman, igid övlad böyütdükləri  üçün öz minnətdarlıqlarını bildiriblər. Azərbaycanda belə ailələrin olmağı cəmiyyətdə gənc və vətənpərvər nəslin yetişməsi üçün bir örnəkdir. 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Zəfərin əsasında da məhz möhkəm ailə dəyərlərinin dayandığını söyləyiblər.
Şəhidin anası Yaqut xanım oğlunun aldığı ali təhsildən, vətənpərvərlik ruhunda böyüyərək hərbini seçib Şəhidlik zirvəsinə yüksəlməsindən danışıb. Eyni zamanda dəvət olunduqları üçün tədbirin təşkilatçılarına öz minnətdarlıqlarını bildirib.
Ailə həyatının 50 illik yubileyini bu günlərdə qeyd edən Cavanşir Rüstəm və həyat yoldaşı  keçdikləri həyat yolundan, ailə ənənələrinə, milli- mənəvi dəyərlərimizə sədaqətin, uşaqların müasir səviyyədə tərbiyəsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Onu da qeyd etdilər ki, uzunömürlü ailənin sirri  müsbət ünsiyyətdən və xoş münasibətdən keçir. 
Sonra Cavanşir Rüstəm fikirlərini yazdığı şeirləri ilə dilə gətirib. 
Şairə Gülsənəm Cəlili, Tamella Poladlı, Çaylı kənd folklor evinin müdiri Məhəmmədəli Məşədiyev, Daş Salahlı kənd kitabxana filialının əməkdaşı Hicranə Məmmədova  çıxışlarında qeyd ediblər ki, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması naminə belə tədbirlərin mütəmadi keçirilməsi vacibdir.
Aşıq Camoy Qurbanovun və Məhəmmədəli Məşədiyevin ifa etdikləri saz havaları tədbirə xüsusi rəng qatdı.
Sonda xatirə şəkli çəkilib.