12.06.2025
12 iyun 2025-ci il tarixində Şəmkir şəhər Uşaq Musiqi Məktəbi tərəfindən Mədəniyyət Mərkəzinin böyük zalında “Son notalar, yeni başlanğıclar” adlı təntənəli tədbir keçirilib. Tədbir məktəbin bu il yola salınan məzunlarına və təqaüdə çıxan müəllimlərə həsr olunub.
Tədbirdə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi v.i.e. Səbuhi Xasməmmədov, Ağstafa şəhər Hüseyn Arif adına Uşaq Musiqi Məktəbinin direktoru Arif Əliyev, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Şəmkir rayonu üzrə nümayəndəsi Sənan Məmmədli, Qazax - Tovuz Regional Mədəniyyət idarəsinin baş muhasibi Fariz Əliyev iştirak ediblər.
Tədbirin aparıcısı Günel Əkbərlinin səmimi və poetik çıxışları tədbirə xüsusi emosional çalar qatdı. Məktəbin direktoru Samirə Rüstəmovanın rəhbərliyi ilə təşkil olunan bu tədbir bir daha sübut etdi ki, Şəmkir şəhər Uşaq Musiqi Məktəbi təkcə musiqi təhsili verən bir ocaq deyil, həm də zəhmətə, sənətə və insanlara dəyər verən bir ailədir.
Tədbirdə məktəbin istedadlı məzunları müxtəlif musiqi nömrələri səsləndirdi və ürək sözlərini paylaşdı. Daha sonra təqaüdə yola salınan fortepianino müəllimləri Hacıyeva İrina, Məmmədova Şəfa, tar müəllimi İbrahimov Rəşid, qarmon müəllimi Mustafayev Nizami səhnəyə dəvət olundu. Onlar məktəbin direktoru Samirə Rüstəmova ilə birgə xatirə tortunu kəsdilər. Tədbirin ən duyğulu anlarından biri isə məzunlar haqqında hazırlanan videoçarx oldu. Bu çarx illərlə yazılan bir həyat səhifəsinin necə gözəl bir notla başa çatdığını nümayiş etdirdi.
“Son notalar, yeni başlanğıclar” yalnız bir tədbir deyil, bir təşəkkür, bir vida və bir ümid idi — yeni yollara qədəm qoyan məzunlar və layiqli istirahətə yollanan müəllimlər üçün...