14.07.2025
14.07.2025-ci il tarixində Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin və Gədəbəy rayon MKS-nin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 56 illiyi ilə bağlı “Müstəqilliyə gedən yolun başlandığı gün” adlı tədbir təşkil olunub. Tədbirdə çıxış edən mərkəzin elmi işçisi Zamiq Söyünov bildirib ki, 1969-cu il 14 iyul Azərbaycanın tarixində müstəsna əhəmiyyəti olan bir tarixi gündür. Çünki həmin tarixdən başlayaraq Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın həyatının bütün sahələrində köklü islahatlar reallaşdırıldı və ölkəmiz sürətlə inkişaf etməyə başladı. Azərbaycanın üzləşdiyi problemlər, çətinliklər uğurlu siyasi strategiyanın həyata keçirilməsi ilə aradan qaldırıldı, respublikasımız və xalqımız nicat yoluna qədəm qoydu. Dünya azərbaycanlılarının Lideri Heydər Əliyevin həyatının əsas qayəsi doğma Azərbaycan və Azərbaycan xalqı olub. Bütün varlığı ilə elinə-obasına bağlı olan müdrik rəhbər yalnız vətənini, xalqını firavan, xoşbəxt görmək arzusu ilə yaşayıb, mübarizə aparıb. Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası - ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd olunub ki, Heydər Əliyev müdrikliklə xalqımızı və dövlətimizi zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq respublikanın ictimai, siyasi, iqtisadi və mədəni-mənəvi intibahının banisi kimi milli yaddaşda, milyonların qəlbində əbədi liderə çevrilib. Tədbirin sonunda Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin muzey bölməsində ekskursiya təşkil olunub.