26.08.2025
26 avqust 2025-ci il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzinin və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tabeliyində fəaliyyət göstərən Ürkməzli, Dəmirçilər, Fərəhli, Alpoud, Abbasbəyli kənd mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Ürkməzli kənd sənətkarlıq evində Beynəlxalq Azərbaycan Muğamı Gününə həsr edilmiş “Səslərdə əbədiləşən Muğamımız” adlı tədbir təşkil edilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi v.i.e. Ceyhunə Hüseynova açaraq bildirib ki, Azərbaycanın I Vitse Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə UNESCO-nun mədəni irs siyahısına daxil olmuş Azərbaycan muğamı müstəqillik dövründə yeni inkişaf mərhələsinə qədəm qoyub. Ana südü ilə canımıza, qanımıza hopmuş, yaddaşımızda əbədiləşmiş Azərbaycan muğamı həm də dünya musiqi xəzinəsinin incisidir. Demək olar ki, bu gün Azərbaycan muğamı dünyanı fəth edib. Azərbaycan xalqının qədim irsi olan muğam geniş kütlələrin ümumi mənəvi sərvətinə çevrilib.
Tədbirə dəvət olunmuş qonaqlardan təqaüdçü müəllimlər Alı Həsənov və Gülnar Osmanova çıxış edərək bildiriblər ki, Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğam, muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır.
Tədbirin bədii hissəsi mədəniyyət müəssisələrinin fəal oxucularının və dərnək üzvlərinin ifasında maraqlı şeirlər, musiqilər, saz havaları ilə davam etdirilib.
Sonda tədbirin təşkilində fəal iştirak edən mədəniyyət işçilərinə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsi tərəfindən Fəxri Fərmanları, fəal oxuculara və dərnək üzvlərinə isə diplomlar verilib.