26.09.2025
26 sentyabr 2025 – ci il tarixində Qazax rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 27 sentyabr Anım Günü ilə əlaqədar “Milli iradə və qəhrəmanlıq tariximiz “ adlı tədbir keçirilib.
Tədbirdə mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları, MİHİ Qazax rayon komitəsinin sədri, əməkdar mədəniyyət işçisi İsgəndər Qurbanov, Şəhid anaları, qazimiz- 44 günlük Vətən Müharibəsi iştirakçısı qələbəmizin əldə edilməsində əvəzsiz xidmətləri olan, “Cəbrayılın azad olunmasına görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi“, “Qüsursuz xidmətə görə“, “Füzulinin azad olunmasına görə“, “Xocavəndin azad olunmasına görə“, “Xidmətdə fərqləndiyinə görə“, “Vətən müharibəsi iştirakçısı“ medalları ilə təltif olunan qazi Cəfərov Oruc Füzuli oğlu, məktəblilər iştirak ediblər.
İlk olaraq torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin uyuduğu Şəhidlər xiyabanı ziyarət edilib. Mədəniyyət müəsissələrinin rəhbər və əməkdaşları Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinə baş çəkib memorial kompleks üzərinə tər çiçəklər düzüb, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini yad ediblər.
Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin 44 günlük Vətən müharibəsinə həsr etdikləri rəsmlərdən ibarət sərgiyə baxış keçirildikdən sonra Mədəniyyət Mərkəzində baş tutmuş tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şanlı Zəfərimizlə nəticələnən 44 günlük Vətən müharibəsinə həsr edilmiş “ Anım və Şərəf Günü “ adlı film nümayiş etdirilib. Mövzu ətrafında çıxışlar edilib. Şəhid anası Rəna xanım Osmanova oğlu Şəhid Kapitan Rövşən Pənahovun döyüş yolundan söz açaraq qeyd edib ki, bütün şəhidlərin hər biri bir qəhrəmandır, bu gün hər kəs onlarla fəxr edir, qürur duyur. Azərbaycan xalqı var olduqca şəhidlərimiz qəlblərdə daim əbədi yaşayacaq, gələcək nəsillərə onların qəhrəmanlığı və şücaəti vətənpərvərlik nümunəsi olacaq. Ölkə prezidenti İlham Əliyev və vitse prezident Mehriban xanım Əliyevaya hər zaman şəhid ailələrinə göstərdikləri diqqət və qayğı üçün minnətdarlıq bildirib.
Tədbir mədəniyyət işçilərinin ifasında ədəbi bədii kompozisiyalarla davam edib.
#Azərbaycan #QazaxTovuzRMİ #AnımGünü #27SentyabrAnımGünü #Qazax