07.10.2025
07 oktyabr 2025-ci il tarixində Tovuz rayon Heydər Əliyev Mərkəzində Tovuz rayon Mərkəzi kitabxananın və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər Fəaliyyət Planı" ilə əlaqədar "Uşaqlara qayğı gələcəyin təminatıdır" mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbir zamanı bu planın əhəmiyyəti barədə şagirdlərə ətraflı məlumat verilib və bildirilib ki, Azərbaycan Respublikasında uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması dövlətin sosial siyasətində mühüm yer tutur. Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil ilə və müasir tələblərə cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi dəyərlərə əsaslanan sosial mühitdə böyüməsi üçün zəruri şərait yaradılması, uşaqların şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır. Həmçinin uşaqlarda təhlükəsiz həyat fəaliyyəti, xüsusilə internet təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması,onların intellektual inkişafını stimullaşdıran layihələrin həyata keçirilməsi, həmçinin asudə vaxtlarının səmərəli təşkilinin də əsas amillərdən olduğu diqqətə çatdırılıb.