12.11.2025
Noyabrın 12-də Qazax Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qazax rayon Heydər Əliyev Mərkəzinin və mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə ”Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycanın ilk milli konstitusiyasının yaranmaının 30 illiyi ilə əlaqədar “Milli dövlətçiliyin konstitusion əsaslarının işlənib hazırlanması Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda tədbir keçirildi. Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülaya Həsənova, MİHİ Qazax Rayon Komitəsinin sədri, əməkdar mədəniyyət işçisi İsgəndər Qurbanov və rayonun mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları iştirak ediblər. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. “Heydər Əliyev və Konstitusiya” filminin və kitab sərgisinin nümayişindən sonra Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq bildirib ki, 30 il bundan əvvəl Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə bilavasitə rəhbərliyi ilə referendum yolu ilə Azərbaycan Respublikası Konstitusiyası qəbul edildi. İlk milli Konstitusiya xalqın dövlətçilik iradəsinin suverenliyinin, təcəssümünə çevrilən fundamental hüquqi sənəd oldu. Cəmiyyətin ictimai siyasi institutlarının fəaliyyətini, dövlətin idarəçilik sistemini tənzimlədi. Konstitusiya təkcə müstəqil yaşamaq haqqını təmin etmiş ölkənin dövlətçiliyinin hüquqi bazası deyil, həm də xalqın inkişaf prioritetlərini müəyyənləşdirən, hökumətin fəaliyyətini nizamlayan, insanların cəmiyyətdə və bir-birinə münasibətdə əxlaqi davranışlarını qaydaya salan hüquqi sənəddir. Ölkəmiz də 1991-ci il 18 oktyabrda dövlət müstəqilliyini elan etdi, sonra beynəlxalq birliyin tam üzvü oldu, demokratik cəmiyyətin atributu, xalqın iradəsinin ifadəsi kimi Konstitusiya qəbulunu qarşıya məqsəd qoydu. Yəni bu Konstitusiyanın qəbul edilməsi bir xalqın totalitar rejimdən liberal cəmiyyətə transfer olunmaq istəyərək demokratik cəmiyyət formalaşdırmaq istəyi idi. Müasir demokratik dövlətdə suverenliyin daşıyıcısı xalq olduğu üçün, hakimiyyətin mənbəyi xalq olduğu üçün konstitusiya da xalq tərəfindən qəbul edilir.
Sonra çıxış edənlər Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülaya Həsənova, MİHİ Qazax Rayon Komitəsinin sədri, əməkdar mədəniyyət işçisi İsgəndər Qurbanov, Qazax Rayon Tarix- Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Qazax Rayon Mədəniyyət mərkəzinin metodisti Zülfiyyə Mürsəlova, Qazax MKS- nin direktoru Fəridə Xudiyeva, Qazax Dövlət Rəsm Qalereyasının bələdçisi Gülnar Abdullayeva, M.P.Vaqif və M.V.Vidadinin Xatirə muzeyinin elmi işçisi Esmira Qəribova bayram münasibətilə tədbir iştirakçılarını təbrik ediblər və çıxışlarında bildiriblər ki, Ulu Öndərin rəhbərliyi ilə hazırlanan Konstitusiya ölkəmizin bütün sahələrinin inkişafının hüquqi əsasını təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar, məhz əsas qanunumuz olan Konstitusiyanın prinsiplərinə əsaslanır. Bu gün qalib xalqımız Konstitusiyanın qəbulunun 30-cu ildömününü böyük qürur və sevinc hissi ilə qeyd edir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbə sayəsində Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması Konstitusiyanın bütün ərazilərimizdə tətbiq olunmasına imkan yaradır.