17.11.2025
17 noyabr 2025-cü il tarixdə Tovuz rayon Heydər Əliyev Mərkəzinin, MKS-nin və Tarix-Diyarşünaslıq muzeyinin birgə iştirakı ilə 17 noyabr Milli Dirçəliş günü ilə bağlı "Müstəqilliyə aparan yolun başlanğıcı" mövzusunda dəyirmi masa təşkil edilib.
Çıxış edənlər bilidirblər ki, Ermənilərin 1988-ci ilin noyabrında Şuşanın Topxana meşəsində tikinti işləri aparmaq məqsədilə ağacları kəsməyə başlaması və mətbuatda bu barədə məlumatın dərc edilməsi xalqımızda böyük hiddət doğurdu. Yüz minlərlə insan paytaxtın baş meydanına axışaraq bu hadisəyə etirazını bildirdi. Noyabrın 17-dən dekabrın 4-dək həmin meydanda izdihamlı etiraz mitinqləri keçirildi, xalqın ayrı-ayrı təbəqələrinin nümayəndələri tribunaya çıxaraq bu özbaşınalığın və qanunsuzluğun qarşısının alınmasını tələb etdilər.
Meydanda 18 gün fasiləsiz davam edən etiraz aksiyalarında milli azadlıqla bağlı şüarlar səsləndirildi. Həmin hərəkat keçmiş Sovet İttifaqında ən genişmiqyaslı kütləvi aksiya idi. 1988-ci il noyabrın 17-də başlanan həmin hadisə Azərbaycanın tarixinə milli dirçəliş aksiyaları kimi düşdü. Öz haqqına, azadlığına və torpaqlarına sahib çıxmaq istəyən yurdumuzun oğul və qızları müqəddəs ideallar naminə yumruq kimi birləşərək birlik və bərabərlik arzularını bütün dünyaya nümayiş etdirdilər. Xalqımız 70 il onun əl-qolunu bağlayan imperiya buxovlarından və əsarət zəncirindən azad olmaq istəyirdi. Azərbaycanda meydan hərəkatı geniş vüsət aldı. Bundan qorxuya düşən ovaxtkı ittifaq dövlətinin rəhbərləri Bakıya qoşun yeritdilər, SSRİ-nin müxtəlif ərazilərindən dislokasiya edilmiş Daxili Qoşun Qüvvələri dekabrın 3-dən 4-nə keçən gecə meydana daxil olaraq mitinqi dağıtdı.
Bakıda fövqəladə vəziyyət elan edildi. Uzun müddət davam edən mitinqlər daxili qoşunlar tərəfindən dağıdılsa da, Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını almaq mümkün olmadı. İlk dəfə həmin meydanda üçrəngli Azərbaycan bayrağı dalğalandı, azadlıq, müstəqillik arzuları səsləndi. Bakının ən böyük meydanının adı dəyişilərək Azadlıq meydanı oldu. Bütün sahələrdə milli dirçəliş və oyanış başlandı. Noyabrın 17-də başlanılan həmin hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır. Meydan hərəkatı tariximizdə Milli Dirçəliş Günü kimi təsdiqini tapdı, Azərbaycan xalqının tarixi yaddaşının oyanmasında, istiqlaliyyət mübarizəsində bir hadisə oldu. Nəhayət 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu və haqq-ədalət öz yerini tapdı. 2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri qısa müddətdə öz müsbət nəticəsini verdi. Bir sutkadan da az müddətdə qarşıya qoyulan hədəflərə nail olunması Azərbaycanın növbəti tarixi Qələbəsi ilə nəticələndi, dövlətimizin suverenliyi tam bərpa edildi və bununla ölkəmiz tarixinin yeni dövrünə daxil oldu. İndi yeni reallıq yaranıb. Azərbaycan tam suverenliyini və ərazi bütövlüyünü bərpa edib, müstəqil, dünyəvi və inkişaf edən dövlətə çevrilib. Azərbaycan regionda prosesləri diktə edən tərəfdir, sülhün və sabitliyin əsas təminatçısıdır. Son illər ölkəmizin təkcə coğrafi deyil, sosial və quruculuq xəritələrində çox böyük dəyişiklik baş verib. Vaxtilə ermənilərin xaraba qoyduğu Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məskənləri salınır, infrastruktur obyektləri inşa edilir, müasir üslubda tikilmiş abad şəhər və kəndlərdə sakinlər yaşamağa başlayırlar. Düşmən əsarətindən qurtulan bölgələr respublikamızın abad və gözəl yaşayış məskənlərinə çevrilir. Ölkəmiz uğurlar əldə edir, dünya birliyində özünəməxsus yer tutub, gündən-günə nüfuzu artır deyə çıxış edənlər söylədilər.