23.12.2025
23 dekabr 2025-ci il tarixində Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxanası oxu zalında Xalq yazıçısı Yusif Səmədoğlunun “Qətl günü” romanının müzakirəsini keçirib. Tədbirdə bir qrup tələbə, fəal oxucular və kitabxana əməkdaşları iştirak edib. Tədbiri giriş sözü ilə açan xidmət şöbəsinin müdiri Bəsdi Məmmədova bildirib ki, Yusif Səmədoğlunun “Qətl günü” romanı tarixi psixoloji romandır. Taleyin kəskin dönümlərində həyatın əbədi sualları qarşısında qalan adamların faciəsi və çətin ömür yolu “Qətl günü” romanının əsas mövzusudur. Ədəbiyyatşünaslar “Qətl günü” romanını Azərbaycan nəsrinin yeni mərhələsi hesab edir.
Kitabxananın əməkdaşı Nərmin Musayeva “Qətl günü” romanı haqqında məruzə ilə çıxış edib. Müzakirə ətrafında çıxış edənlər bildiriblər ki, “Qətl günü” romanı, Azərbaycan ədəbiyyatında şərin bədii obrazını yaratmış ən güclü əsərlərdən biridir. Azərbaycan romançılığında yeni mərhələ kimi qiymətləndirilib. Roman üç sujet xəttinə malikdir, əsərdə üç ayrı-ayrı dövrün ictimai-siyasi mühiti və bu dövrlərdə insan faciəsi magik realizm üslubunda qələmə alınıb. Burada müxtəlif dövrlərdəki tarixi hadisələr əlaqələndirilir və xalqın başına gələn dəhşətlər, ədalətsizliklər əks olunur. Qətl günü" romanında rəmzi-məcazi ifadələr, mifik obrazlar və bədii detallar əsərdə ifadə edilən ideyaların açılmasında mühüm yer tutur.