19.01.2026
Qazaxda 20 Yanvar Şəhidlərinin xatirəsi anıldı
19 yanvar 2026-cı il tarixində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qazax rayon üzrə mədəniyyət müəssisələrinin əməkdaşlarının birgə iştirakı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin dəstəyi ilə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanı ziyarət edilib, Əbədi Məşəl kompleksi önünə tər qərənfillər düzülüb.
Ziyarətdən sonra Mədəniyyət Mərkəzinin böyük zalında təşkil edilən tədbir 20 Yanvar Şəhidlərinin və Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
Tədbiri giriş sözü ilə Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru, Qazax –Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Ceyhunə Hüseynova açaraq bildirib ki, Azərbaycan tarixinin qanlı səhifələrindən olan 20 Yanvar faciəsindən 36 il ötməsinə baxmayaraq bu günü biz həmişə xatırlamalıyıq. Hər addımı gülüstana çevrilən Azərbaycan haqqında danışarkən bu günlərimiz üçün öz canlarını əsirgəməyən 20 Yanvar şəhidlərinin cəsarəti, qəhrəmanlığı əsla unudulmamalıdır. Biz 20 yanvar faciəsini Ulu Öndərin dediyi kimi təkcə faciə deyil, həm də müasir tariximizin şanlı səhifələrindən biri kimi anmalıyıq. Bu terror aktına siyasi qiymətin verilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulamaq lazımdır. 20 Yanvar faciəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılması Ulu Öndərin adı ilə baglıdır. Bu tarixi reallıqdır və Azərbaycan xalqının tarixində böyük önəm kəsb edir.
MİHİ Qazax rayon komitəsinin sədri, Əməkdar Mədəniyyət İşçisi İsgəndər Qurbanov, Qazax Dövlət Dram Teatrının direktoru Allahverdi Musayev çıxışlarında qeyd ediblər ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin ruhu və əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
Tədbir Qazax Dövlət Dram Teatrının aktyorlarının Ə.Əmirlinin “Xeyir və Şər “ pyesi əsasında hazırladıqları “Şəhid atası” adlı tamaşasının nümayişi ilə yekunlaşıb.
#20yanvar #20yanvar1990 #QazaxTovuzRMİ #mədəniyyət