18.02.2026
18 fevral 2026-cı il tarixində Tovuz rayon Aşıq Əkbər Cəfərov adına Mədəniyyət Mərkəzinin, Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbinin və Aşıq H.Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə xalq yazıçısı Yusif Səmədoğlunun 91 illik yubileyi ilə bağlı "Simurq quşu" adlı ədəbi- bədii gecə təşkil olunub. Gecədə çıxış edənlər bildiriblər ki, Xalq yazıçısı Yusif Səmədoğlu XX əsr Azərbaycan ziyalılığının ən ali keyfiyyətlərini öz şəxsiyyətində daşıyan, mənsub olduğu nəsli təmsil edən bir insan olmuşdur. O, həyatı boyu, həm ədəbi, həm də ictimai-siyasi fəaliyyətində azərbaycançılıq mövqeyində durmuş, azadlıq, demokratiya, müstəqillik duyğusu ilə yaşamışdır. Yazıçının 70 illik yubiley mərasimində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva demişdir: "Y.Səmədoğlunun fəaliyyəti Azərbaycan mühitində ədəbiyyatda böyük maraq yaratmaqla bərabər, həm də ictimai fikri formalaşdırmağa xidmət edirdi. Onun özü demokratik düşüncə sahibi olduğundan bütün yaradıcılığı bu ruha köklənir və ondan qidalanırdı".
Y.Səmədoğlu XX əsr Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutaraq, həyata, gerçəkliyə fərqli münasibəti, dünyagörüşü ilə seçilmişdir. Millilik, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, milli mədəniyyətin, milli əxlaqın gənc nəslə çatdırılması baxımından onun əsərlərinin dəyəri və ibrət dərsləri güclüdür.
Y.Səmədoğlu azad, müstəqil və mədəni həyat yolu keçmişdir. Onda milli hiss, Vətən sevgisi güclü idi. O, həyati mövzular yazmış, zamanın nəbzini tutaraq günün mühüm məsələlərinə toxunmuş, mənəvi-ictimai problemləri ön plana çəkmiş, dövrün, yaşadığı mühitin eybəcərliklərini ifşa və tənqid hədəfinə çevirmişdir.Gecənin sonunda Tovuz rayon Xalq teatrı Yusif Səmədoğunun Yeddi oğul istərəm kinofilmindən kiçik bir səhnə ilə çıxış etdilər.