18.02.2026
Qazaxda Beynəlxalq Ana Dili Günü münasibəti ilə tədbir təşkil edilib.
18 fevral 2026-cı il tarixdə Qazax Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 21 Fevral- Beynəlxalq Ana Dili Günü münasibəti ilə “Ana dilim-varlığım, kimliyim” adlı tədbir təşkil edilib.
Tədbiri giriş sözü ilə Qazax Rayon Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova açaraq tədbir iştirakçılarını salamlayıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
Tədbirin aparıcısı Mədəniyyət Mərkəzinin bədii rəhbəri Könül Hacıyeva “Beynəlxalq Ana Dili Günü” münasibətilə iştirakçıları təbrik edib, Azərbaycan dilinin inkişafında Ümummilli lider Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlərdən, beynəlxalq səviyyədə qeyd edilən bu günün əhəmiyyətindən söhbət açıb. Hazırda ana dilimizin qorunması və zənginləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsinin dövlətin daim diqqət mərkəzində olduğunu bildirib.
Tədbirdə çıxış edən BDU-nin Qazax filialının dosenti, professor Valeh Nəsibov bildirib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı ünsiyyət qurmağa imkan yaradır.
Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir.Azərbaycan dili bu tarixi hadisəni yaşayıb.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov bildirib ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.
Tədbirdə AYB-nin üzvü, təqaüdçü müəllim, şair Cavanşir Rüstəm, AYB-nin üzvü, keçmiş mədəniyyət işçisi, şairə Gülsənəm Cəlilova, Canalı kənd diyarşünaslıq klubunun müdiri Reyhan Omarova Azərbaycan dilinə, doğma Ana dilimizə həsr etdikləri şeirlərini söyləyiblər.
Tədbirin sonunda Qazax şəhər 2 nömrəli Uşaq Musiqi məktəbinin saz müəllimi Elvin Səfərovun sazda ifa etdiyi aşıq musiqiləri tədbirə xüsusi rəng qatıb, tədbir iştirakçılarında yüksək əhval-ruhiyyə yaradıb.