20.02.2026
20 fevral 2026 - cı il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzi Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin 04 sentyabr 2025-ci il tarixli sərəncamı ilə əlaqədar olaraq Səməd Vurğun Poeziya Evində tədbir keçirdi. Tədbirdə Ağstafa rayon Mədəniyyət Mərkəzinin direktoru Xuraman Əzimova çıxış edərək Yusif Səmədoğlunun XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardan olduğunu bildirdi. O cümlədən yüksək bədiilik nümunəsi olan dərin ictimai-mənəvi məzmunlu əsərləri, hekayələri, romanları və film ssenariləri ilə ədəbi prosesdə iz qoymuş yazıçının ötən əsrin 60-70-ci illərində milli nəsrin keyfiyyətcə yeni mərhələyə keçməsində xüsusi xidmətləri olduğu qeyd etdi. Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyi ilə əlaqədar Qazax - Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən bütün mədəniyyət müəssisələrində tədbirlər keçirildiyini bildirdi.
Tədbirdə Səməd Vurğun Poeziya Evinin direktoru Mətanət Rəhimova çıxış edərək bildirdi ki, 1976-cı ildə Səməd Vurğunun anadan olmasının 70 illik yubileyi münasibətilə Qazaxda Səməd Vurğun Poeziya Evi Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Ulu Öndər 1979-cu ilin sentyabrında onun açılışında iştirak etmişdir. Prezident İlham Əliyev 2004-cü ildə Qazax rayonuna səfəri çərçivəsində Poeziya Evində olmuş, burada əsaslı təmir və yenidənqurma işlərinin aparılması barədə tapşırıq vermişdir. Dövlət başçısının tapşırığı yüksək səviyyədə icra olunmuşdur. Mətanət Rəhimova Yusif Səmədoğlunun 90 illik yubileyinin Səməd Vurğun Poeziya evində keçirilməsinin məqsədə uygün hesab etdiyini bildirdi. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Hüseyn Arif Ədəbi Məclisinin sədri, şair Saqif Qaratorpaq, Eynallı kənd Mədəniyyət evinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Rüfət Axundlu çıxış edərək Y. Səmədoğlunu əsl ziyalı, vətənpərvər qələm adamı olduğunu diqqətə çatdırdılar. Onun ədəbiyyata hekayə ilə gəldiyini vurğulayan natiqlər “Qətl günü” romanının nə bütün dünyada tanındığını bildirdilər. Həmçinin yazıçının ictimai və ədəbi mövqeyindən söz açıb, onun həm ictimai xadim kimi fəaliyyəti, həm də qələmi, sözü ilə ədəbi fəaliyyətini ədəbiyyatımızda bir mərhələ adlandırdılar. Yusif Səmədoğlunun əsərlərində müdriklik və fəlsəfi məzmunla yanaşı, həm də S.Vurğunun övladı olaraq dərin bir lirizm olduğunu diqqətə çatdırdılar.
Tədbir iştirakçıları sonda xatirə dəftərinə öz ürək sözlərini yazdılar.